Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Azərbaycanı parlaq, firavan, xoşbəxt gələcəyə aparan bu uğurlu layihələrin, məqsədyönlü, uzaqgörən siyasətin təməlini qoymuş və inkişaf etdirmiş, Azərbaycan xalqının müdrik lideri Heydər Əliyev kimi qüdrətli şəxsiyyətin irsinin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi çox mühüm əhəmiyyətə malikdir. Məhz bu irsin təbliği, gənc nəsillərə çatdırılması işini rayonumuzda onun xatirəsini əbədiləşdirən Heydər Əliyev Mərkəzi həyata keçirir.

Mərkəzin nəzdində yaradılmış Heydər Əliyev irsinin araşdırılması, öyrənilməsi və təbliği üzrə tədqiqat qrupunun üzvləri Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə birgə rayonumuzdan olan şəxsən Ulu öndər Heydər Əliyevlə görüşmüş, onun qəbulunda olmuş, onun şəxsi imzası ilə təbrik məktubu, fəxri ad almış şəxsləri araşdıraraq onlarla görüşlər təşkil edir, həmin şəxslərdən fotoşəkillər götürür, onların Ulu öndərlə bağlı xatirələrini toplayır, təəssüratlarını videoyazıya köçürür və əldə edilmiş bu eksponatlar mərkəzdə yaradılmış “Heydər Əliyev və Balakən” guşəsinə yerləşdirilir, mərkəzə gələn ziyarətçilərə bu haqda ətraflı məlumat verilir.

Eyni zamanda bu zəngin irsin gənc nəslə təbliği məqsədilə rayonun məktəblərində və mərkəzdə şagirdlərə Ulu öndər Heydər Əliyevin müxtəlif sahələrə olan diqqət və qayğısını əks etdirən mühazirələr oxunur. “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qoruyucusudur ”, “Heydər Əliyev müdrik, uzaqgörən Ümummilli liderdir” adlı mühazirələr məktəb kollektivlərinə oxunmuş və Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə hər il tədbirlərlə yanaşı may ayında rayon məktəbliləri arasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Şeirlərin ən gözəl ifaçıları” adlı müsabiqə keçirilir ki, bu da Ulu öndərin xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərin gənc nəslə təbliği məqsədi daşıyır. Bununla yanaşı həm də, Ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən filmlər həm məktəblilərə, idarə, müəssisə və təşkilatların əməkdaşlarına, həm də mərkəz ziyarətçilərinə nümayiş olunur.

Mərkəzdə gənclərin və yeniyetmələrin asudə vaxtının maraqlı təşkili üçün kompüterlərdən istifadə edilməsinə imkan yardılmışdır. Yay tətili ərzində gənclərin burada kitab müzakirələri, Azərbaycan filmlərinə baxması üçün film günləri müəyyənləşdirilir və həmin günlərdə milli filmlərimizə baxılır. Bütün bunlar Heydər Əliyev Mərkəzini gənclərin sevimli məkanına çevirib.

Bu gün mərkəzdə bu zəngin irsin təbliği məqsədilə ölkəmizdə ailə dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün gənclərimiz qarşılarında olan maneələrdən çəkinmədən öz sevgiləri ilə buna qalib gələrək sağlam, xoşbəxt ailəyə sahib olmuş görkəmli şəxsiyyətlər Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev və qayğıkeş həkim oftalmoloq Zərifə xanım Əliyevanın birgə qurduğu ailə kimi nümunəvi ailələrdən örnək götürməlidir. Bu məqsədlə də ölkənin bütün Heydər Əliyev Mərkəzlərində olduğu kimi Balakən rayon Heydər Əliyev Mərkəzində də sağlam gənc ailələrin qurulmasını rəsmiləşdirən nigah mərasimləri gənclərin böyük həvəs və marağı ilə təntənəli şəkildə keçirilir. Gənclər Ulu öndərin mərkəzdəki büstü önünə çiçəklər qoyur, mərkəzlə tanış olur, nigahları mərkəzimizdə keçirilən cütlüklərin ürək sözlərini qeyd etmələri üçün xüsusi tutulmuş xatirə kitabında sevgi dolu sözlərini bölüşür və nigahlarını rəsmiləşdirmək üçün öz imzalarını ataraq nigah şəhadətnaməsinə sahib olurlar.

Heydər Əliyev Mərkəzinin əməkdaşları və tədqiqat qrupunun üzvləri davamlı olaraq rayonun bütün məktəbləri, Gənclər İdman İdarəsi, YAP rayon təşkilatı ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərərək bu zəngin irsin gələcəyimiz olan gənc və yeniyetmələrə aşılanması, çatdırılması, əbədi yaşadılmasına çalışır.