Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-ci ildönümüdür

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-ci ildönümüdür

Bu gün Ümummilli lider Heydər Əliyev siyasi mirası olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-ci ildönümüdür. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın bütün regionlardan seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması tarixi şəraitin diqtəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləmişdir:“Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.Doğrudan da YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, onun lideri partiya yarandıqdan cəmi 6 ay keçdikdən sonra ölkənin prezidenti seçildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda YAP-ın yaranmasında ifadə olunan tarixi zərurətə və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi.Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın sədri seçilmişdir. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, YAP sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçmişdir.Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyin qorunması, demokratik siyasi münasibətlər sisteminin bərqərar edilməsi, bazar iqtisadiyyatı modelinin yaradılması, tarixi ənənələrə və müasir dünyanın təcrübəsinə əsaslanan milli dövlətin qurulması kimi bir sıra mühüm vəzifələri uğurla yerinə yetirərək ölkənin siyasi həyatındakı yerini müəyyən etmişdir.Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını – 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir.2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi partiyanın ölkənin ictimai-siyasi həyatında hansı nüfuza sahib olmasını əyani şəkildə təsdiqlədi. 2004-cü ilin dekabr ayının 17-də bələdiyyə, 2005-ci ilin noyabr ayının 6-da Milli Məclisə seçkilərdə YAP yenidən qələbə çalaraq həm yerli özünüidarəetmə orqanlarında, həm də qanunvericilik orqanında daha çox təmsil olunan partiya kimi növbəti uğura imza atdı.Onu da qeyd edek ki, Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir. Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir. Bu gün YAP öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.