Avqustun 18-i Sərhəd Qoşunlarının yaranması günüdür

Avqustun 18-i Sərhəd Qoşunlarının yaranması günüdür

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102 ili tamam olur.

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul etmişdir. Ulu öndər Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür. Bu səbəbdən üç rəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından başlamış, Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin sərhəd qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etmişdir ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı dövlətimiz üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirmişdir.

Son illərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Quruda, havada və suda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin tarixi zəfərindən ilhamlanan sərhədçilər Azərbaycan Sərhəd Mühafizə­sinin 102 illik şanlı tarixinin qələbəli səhifələrini ən yüksək əhval-ruhiyyə, Azər­baycan dövlət­çiliyinə xid­mət­dən irəli gələn qürur hissi ilə qarşılayırlar.

Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri də onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və etibarlı qorunmasının aktual olduğu dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dururlar.