Bütün zamanların dahi şairi Nizami Gəncəvi

Bütün zamanların dahi şairi Nizami Gəncəvi

Azərbaycan ədəbiyyatının dahi simalarından biri olan şair-mütəfəkkir Nizami Gəncəvi öz yaradıcılığı ilə təkcə milli ədəbiyyatımıza, Şərq ədəbiyyatına deyil, bütün bəşər ədəbiyyatına böyük töhfələr bəxş edib.Bu baxımdan, N.Gəncəvi irsi mövzularının genişliyi, məzmun dərinliyi baxımdan bütün dövrlərdə sevilərək oxunub, tədqiq olunub. Dahi şairin "Xosrov və Şirin", "Leyli və Məcnun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları indi də bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır.

Nizami irsi Azərbaycan xalqının yetişdirdiyi qlobal ədəbi hadisədir.

Nizami sənətinin möhtəşəmliyi və əzəməti isə daha çox onun epik əsərlərində özünü göstərir. İlk poeması olan “Sirlər xəzinəsi”ndə Nizamini dərin inamlı, əqidəli mömin bir dinşünas, eyni zamanda elmşünas və insanşünas kimi görürük. Ənənəvi giriş hissədən, iyirmi söhbət və hər söhbətin mövzusuna uyğun olan iyirmi hekayətdən ibarət olan əsas hissədə Nizami fəlsəfi-didaktik bir formada onu düşündürən bəşəri problemləri ecazkar sənətinin qüdrəti ilə oxucusuna çatdıraraq, onun qəlbində ülvi duyğular oyatmağa nail olub. Bütövlükdə, Nizami yaradıcılığında nəsihətlər, fəlsəfi fikirlər, humanizm ideyaları onun əsərlərini, doğrudan da, həyat sirlərinin zəngin xəzinəsinə çevirir.

Nizami Gəncəvi irsi demək olar ki bütün dünyanı qarış-qarış gəzir və bütün xalqların mədəniyyətində misilsiz rol oynayır. Dünyanın bir çox ölkələrində Nizamini öyrənmək üçün böyük mədəniyyət mərkəzləri, Nizamişünaslıq qurumları yaradırlar. Bu gün Nizami əlyazmaları dünyanın ən mötəbər muzeylərində saxlanmaqdadır. “Tehran Milli Kitabxanası, Paris Kitabxanası, Vyana Milli Kitabxanası, Oxford Qodlian Kitabxanası, Kembric, Pəncab və Kabulda, Britaniya Muzeyində, Nyu-Yorkdakı “Metropoliten” muzeyi, Münhen, Dehli, Dublin, Kəlküttə, Qahirə, Kopenhagen və s. muzeylərdə Nizami əlyazmalarına rast gəlmək olar. Azərbaycan xalqının böyük şairinə bütün bəşəriyyət öz doğması kimi münasibət göstərir, Nizami irsini öyrənir, çap edir və təbliğ edərək ondan bəhrələnirlər.

Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi: Arifə Mustafayeva