Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır

Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır

Ulu öndər Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı. Ümummilli lider Heydər Əliyevin xalqın istəyi və iradəsi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişi isə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Heydər Əliyev fəaliyyətinin 1993–2003-cü illəri də bir ömrün qızıl salnaməsi, Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqil və güclü Azərbaycanı bəxş etdi. Ulu öndər ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Böyük rəhbər respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artdı, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırıldı. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesini cənab Prezident İlham Əliyevin yüksək dinamizm və əzmkarlıqla davam etdirir. Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur. Bütün bunlar bir daha onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və ulu ödərimizin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Bu yol Azərbaycanın müstəqillik yoludur, inkişaf, tərəqqi, sabitlik, sülh və əmin-amanlıq yoludur.