Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlara yenidən həyat qayıdacaq!

Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlara yenidən həyat qayıdacaq!

Bu gün müstəqil Azərbaycan öz siyasi gücü və aparılan sosial-iqtisadi islahatların nəticəsi olaraq dünya dövlətləri arasında sürətli inkişaf edən və özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınır. Ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır.

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin mühüm hadisəsi oldu. Torpaqlarımızın işğaldan azad edilməsi göstərdi ki, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövrünü yaşayır. Qarabağımızın işğaldan azad olunması və Ermənistanın sülhə məcbur edilməsi birbaşa Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordumuzun rəşadəti sayəsində mümkün oldu. Qalib Azərbaycan Ordusu Qələbə səlnaməsi yazdı. Bu gün hər bir azərbaycanlı haqlı olaraq qalib dövlətin vətəndaşı olmasıyla fəxr edir.

Vətən müharibəsində qazanılan möhtəşəm qələbəmizdən sonra Ali Baş Komandanının işğaldan azad edilmiş rayonlarımıza ilk səfərini qalib xalqımız böyük sevinclə qarşıladı.

Şanlı ordumuzun qazandığı böyük zəfərdən sonra noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfəri yaddaşlarda əbədi qalacaq bir hadisə oldu.

Bu gün isə artıq işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə start verilib. Erməni vandalizmi nəticəsində dağıdılmış şəhər və kəndlərimizi bərpa etmək, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq tədbirlərinin həyata keçirilməsi, bütün yaşayış məntəqələrimizin dirçəldilməsi, yenidən Qarabağa həyatın qaytarılması dövlətin əsas prioritet vəzifələrindəndir.

Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi idi. Cənab prezidentin də dediyi kimi “ Şuşasız bizim işimiz yarımçıq olardı.” Ölkə başçısının Şuşaya tarixi səfəri o torpaqlara yeni nəfəs, yeni ruh verdi..

Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində aparılan quruculuq işləri, “Xarı Bülbül” beynəlxalq musiqi festivalının keçirilməsi və “Vaqif poeziya günləri”nin yenidən bərpa olunması ölkənin regionlarında mədəni dəyərlərin təbliği məqsədini daşıyacaqdır. Şuşada uzun illərdən sonra böyük tədbirlərin, festivalların keçirilməsi dünyanın diqqətini cəlb edəcək və dünyanın hər tərəfindən bu tədbirlərə qatılmaq üçün gələnlər olacaq.

Mayın 28-də cənab Prezident İlham Əliyev Vətən müharibəsində şanlı qələbədən sonra Ağdama ikinci səfərində şəhərsalma prinsiplərinin müasir konsepsiyasına uyğun yeni, ən müasir Ağdamın qurulacağını bəyan etdi və modern şəhərin təməlini qoydu. 27 ildən sonra düşmən tapdağından qurtulmuş Ağdam şəhərinin Baş Planı təsdiqləndi. Bu, işğaldan azad edilmiş ərazilərdə təsdiqlənən ilk Baş Plan idi. Bu bütün azərbaycanlılara böyük qürur, fəxarət hissi yaşatdı. Bu hadisə işğaldan azad edilmiş torpaqlarımızda tezliklə ən müasir şəhər və kəndlərin salınacağını, dünyaya tamamilə yeni tipli yaşayış məntəqələri modellərinin təqdim olunacağını deməyə bir daha əsas verdi. Əminik ki, dövlət başçısının rəhbərliyi ilə çox keçməyəcək ki, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş zonasına çevriləcək.

Mərkəzin böyük elmi işçisi Mustafayeva Arifə