18 aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"dür

18 aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"dür

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.Tarixin müxtəlif dövrlərində ölkəmizin ərazisində qədim şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa olunub. Orta əsrlərə aid abidələr Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Allah-Allah türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s. nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.
Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkə daxilində və xaricində böyük işlər həyata keçirirlər.Azərbaycanın üç tarix-mədəniyyət və abidələr məkanı – Qobustan qayaüstü rəsmləri (Qobustan Milli Tarix-Bədii Qoruğu), İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu) və Şəki şəhərinin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə (“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu) UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.
Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi abidələrimizi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa çalışanlara layiqli dərs verdi. Qarabağ abidələri təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin səhifələridir.