Bu gün görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Bu gün görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə anadan olmuşdu. 1947-ci ildə Azərbaycan Dövlət Tibb Unversitetini bitirən Zərifə xanım Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdı.

Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanim Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdi.

Görkəmli akademik Zərifə xanım 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir.

Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanım Əliyevanın əziz xatirəsi ürəklərdə əbədi yaşayacaq.

Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş videoçarxı keçid vasitəsilə izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=iWUTIqbhILU