Azərbaycanın cənnət məkanı olan Kəlbəcərin artiq işğal olunma tarixi yox, azad olunma tarixi var

Azərbaycanın cənnət məkanı olan Kəlbəcərin artiq işğal olunma tarixi yox, azad olunma tarixi var

Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 2-də işğal olunmuşdu. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 144 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, tarixi abidələrə, təbiətə böyük ziyan vurulmuşdur. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 770 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır.

Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, Noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi.Azərbaycanın cənnət məkanı olan Kəlbəcərin artiq işğal olunma tarixi yox, azad olunma tarixi var.

Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.