Şuşa qalası

Şuşa qalası - Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır.

Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.

Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır.

Gəncə qapısı

Pənahəli xanin hakimiyyəti dövründə inşa edilmiş qapı, artıq XVIII əsrdən etibarən Gəncə qapısı və ya Çiləbörd qapısı adlandırılırdı. Şuşa qalasının bu qapıdan çıxan yolu Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi.

Şuşa qalasının Şimal qapısı qala divarlarının ortasında – Ağoğlan və İrəvan qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatmışdır.

İrəvan qapısı

İrəvan qapısı və ya Xəlfəli qapısı Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi.İrəvan qapısı da Şuşa qalasının digər iki qapısı kimi Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilmişdir.

Ağoğlan qapısı

Ağoğlan qapısı, Muxtar qapısı və ya Şuşakənd qapısı Şuşa qalasının şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edir. Bu qapıdan çıxan yol Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirərək Ağaoğlan qəsrinə kimi uzanırdı.