Şuşaya gedən zəfər yolunun başlanğıcı

Şuşaya gedən zəfər yolunun başlanğıcı

27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan Silahlı Qüvvələri həmişəki kimi təxribata əl ataraq cəbhəboyu ərazidə yerləşən Azərbaycan kəndlərini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə məruz qoyublar. Dinc sakinlər və hərbi qulluqçular arasında itkilərə gətirib çıxaran bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlanılıb.

27 sentyabrdan etibarən ordumuz düşmənə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatında artıq bir çox əraziləri işğaldan azad etmişdir. Dağlıq Qarabağ mübarizəsi və savaşı Azərbaycanın ümumxalq mübarizəsidir. Hadisələrin gedişatı ilə bağlı xalqın daim məlumatlandırılmasına dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin hər zaman olduğu kimi, bu gün də xalqa arxalandığını göstərir.

Azərbaycanda xalq və ordu arasında birlik mövcuddur. Qələbələrimizin davamlı olmasına əsas səbəb xalq və ordu birliyidir. Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbənin zəminidir.

Azərbaycanın apardığı mübarizə haqq mübarizəsidir. 27 sentyabr tarixində Azərbaycana qarşı yönəlmiş təxribatlar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməni işğalçı siyasətini bir daha ifşa edir.

27 sentyabr tarixindən bu günə qədər qəhraman Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində onlarla yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonun çox hissəsi, Füzuli şəhəri və Füzuli rayonun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü, Zəngilan şəhəri və Zəngilan rayonunun kəndlərinin işğaldan azad olunması Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırır.

Bu parlaq qələbə heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsidir. Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri həqiqətən də bölgənin ən qüdrətli ordusudur və hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadirdirlər. Erməni təxribatı nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik, ordumuzdan isə yeni zəfər müjdələrini səbirsizliklə gözləyirik.

Hər bir Azərbaycan vətəndaşı inanır ki, Azərbaycan əsgəri tezliklə qələbə bayrağını Şuşaya, Xankəndinə sancmaqla tarixi ədaləti bərpa edəcək.

Çünki, Qarabağ Azərbaycandır!

Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Mustafayeva Arifə