Yaxın mədəniyyət müəssisələri

Cəfər Cabbarlının ev muzeyi

Cəfər Cabbarlının vaxtilə yaşayıb-yaratdığı ev indi muzey kimi fəaliyyət göstərir. Muzey ədibin 80 illik yubileyi münasibəti ilə 1982-ci il martın 20-də açılıb. Mədəniyyət ocağında 10 000-dən çox eksponat qorunub saxlanılır.

Eksponatların sərgiləndiyi otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir.

Həmçinin dramaturqa görkəmli şəxsiyyətlərin bağışladığı hədiyyələr, C.Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər ekspozisiyanı zənginləşdirir.

Muzey tərəfindən ədibin sözlərinə bəstələnmiş mahnılardan ibarət “Azad bir quşdum” diski buraxılıb. Eyni zamanda C.Cabbarlının 100 illik yubileyi ilə əlaqədar "Cəfər Cabbarlı mükafatı" təsis olunmuş və bir çox sənətçilərə təqdim edilmişdir.

Hal-hazırda muzeyə Qəmər Seyfəddinqızı rəhbərlik edir.

Üzeyir Hacibəylinin ev muzeyi

Dahi Azərbaycan bəstəkarı, musiqişünas, alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir bəy Hacıbəylinin ev muzeyi 1975-ci il, noyabrın 20-də ümummilli lider Heydər Əliyevin göstərişi və iştirakı ilə açılmışdır. Muzey Bakıda – Şamil Əzizbəyov küçəsi (keçmiş Verxnaya Priutskaya, sonralar Кetsxoveli) ev 67-də yerləşir.

Bəstəkar bu evdə 1915-1942-ci illər ərzində yaşayıb yaratmışdır.

Ev muzeyi memorial və inzibati binalardan ibarətdir. Memorial hissəyə dəhliz, 4 оtaq, şüşəbənd və kinozal daxildir. Muzeyə gələn tamaşaçılar həm də muzeyin kinozalında Ü.Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən, həmçinin onun “O olmasın, bu olsun” operettası və dünya şöhrətli “Arşın mal alan” kimi operettası əsasında çəkilmiş filmləri seyr etmək imkanı əldə edirlər.

Muzeydə bəstəkarın zəngin həyat və yaradıcılığını əks etdirən materiallar və şəxsi əşyalar, əlyazmalar, qədim kitablar qorunur. Burada həmçinin Azərbaycanın görkəmli rəssamlarının və heykəltaraşlarının əsərlərindən ibarət nümunələr, xalçalar, milli musiqi alətləri və müxtəlif qiymətli hədiyyələr nümayiş olunur.

Muzeydə bəstəkarın yaradıcılığından əlavə onun məişətini əks etdirən ekspozisiya maraq doğurur.

Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Yasamal rayonunun Mərkəzi kitabxanası (M. Ş. Vazeh adına kütləvi kitabxana) 1978 –ci ilin oktyabr ayında təşkil olunub. Kitabxananın ümumi sahəsi 123 kv m-dir. Yasamal rayon MKS-nin kitab fondunun ümumi həcmi 333.238, oxucu sayı 49.578-dir. Mərkəzi kitabxana H. Zərdabi 68 ünvanında yerləşir. 2011 –ci ildə Mərkəzləşdirilmiş Kitabxana Sistemləri yaradılarkən M. Ş. Vazeh adına kütləvi kitabxanaya Mərkəzi Kitabxana statusu verilmişdir. Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibində fəaliyyət göstərən informasiya resurs şöbəsi elə həmin ildə öz işinə başlamışdır. Yasamal rayon MKS-i (Mərkəzi kitabxana) 4 filial ilə fəaliyyət göstərir. Kitabxananın Azərbaycan və Rus bölmələri var.

Yasamal rayon MKS–nin 1№-li kitabxana filialı

Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminə daxil olan 1 №-li kitabxana filialı 2011-ci ilədək Əliağa Vahid adına kitabxana – muzey kimi fəaliyyət göstərmişdir. Kitabxana 1925-ci ildə yaradılmışdir. Kitabxananın sahəsi 312 kv.m-dir.

Yasamal rayon MKS-nin 2№-li kitabxana filialı

Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminə daxil olan 2№-li kitabxana filialı 2011-ci ilədək Abdulla Şaiq adına-uşaq kitabxanası kimi fəaliyyət göstərmişdir. Kitabxana 1953-cü ildə yaranmışdır. Sahəsi 159 kv.m–dir.

Yasamal rayon MKS-nin 3 №-li kitabxana filialı

Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminə daxil olan 3№-li filial 2011-ci ilədək Q.Musabəyov adına kütləvi kitabxana kimi fəaliyyət göstərmişdir. Kitabxana 1957-ci ildə yaranmışdır. Kitabxananın sahəsi 195 kv.m–dir.

Yasamal rayon MKS-nin 4№-li kitabxana filialı

Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminə daxil olan 4№-li kitabxana filialı 2011-ci ilədək Natəvan adına uşaq kitabxanası kimi fəaliyyət göstərmişdir. Kitabxana 1904-cü ildə yaranmışdır.Kitabxananın sahəsi 280 kv.m-dir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

10 mart 1873-cü ildə M.F.Axundzadənin «Lənkəran xanının vəziri» komediyası ilə Azərbaycan Dövlət Akademik Milli Dram (ADAMDT) və eyni zamanda milli peşəkar teatrın təməli qoyuldu. 146 illik bir dövrü əhatə edən sənət ocağı bu illər ərzində yüksək peşəkar səviyyəli tamaşaları ilə cəmiyyətin inkişafında müstəsna rol oynayıb və oynayır. Teatrda adları tarixə qızıl hərflərlə yazılmış saysız-hesabsız sənətkarlar ordusu yetişmişdir. ADAMDT-nın ötən əsrin müxtəlif dövrlərində teatrın yaranmasının 50 (1923), 75 (1948) və 100(1974), Azərbaycan müstəqillik qazandıqdan sonra isə, 125 (1998), 130 (2003) və 135 (2008) illik yubiley tədbirləri keçirilmiş, fərqlənənlər mükafatlandırılmışlar. Teatr bu illər ərzində İstanbul, Qahirə, Trabzon, Konya və digər şəhərlərdə keçirilən çoxsaylı festivallarda uğurla iştirak edərək, müxtəlif mükafatlara layiq görülmüşdür. Bu gün də teatr yüksək yaradıcılıq səviyyəsindədir. Sənət ocağı maraqlı, baxımlı və günün tələblərinə cavab verən tamaşaları ilə tamaşaçıların diqqət mərkəzində olmağa, onları narahat edən problemləri nümayiş etdirməyə qadirdir.

Yasamal parkı

Yasamal parkı - Bakı şəhərinin Yasamal rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "+82 Qərb" su anbarının ərazisində yerləşən şəhər parkıdır.

Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Yasamal parkının açılışı 25 dekabr 2014-cü ildə prezident İlham Əliyev tərəfindən baş tutub. Parkda geniş yaşıllıq işləri görülüb, abadlıq-quruculuq işləri həyata keçirilib. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb, çoxillik ağaclar, gül və bəzək kolları əkilib. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb və iki kafe fəaliyyət göstərir.

Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə paytaxtda ardıcıl tədbirlər davam etdirilir. Yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.

Mərkəzi Park

Mərkəzi Park- Köhnə Sovetski məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə ağa Əliyev küçələrində yerləşən bu parkın birinci hissəsinin açılışı 22 may 2019-cu il tarixində gerçəkləşmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak etmişdirlər. Park Avstriya memarı Yans Hoffman tərəfindən layihələndirilmişdir.

Parkın birinci hissəsi yerüstü piyada keçidləri və zolaqların birləşdirdiyi altı hissədən ibarətdir. Bu keçidlər əsasən avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzə Ağa Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa edilmişdir. Ümumilikdə, park 20 hektar əraziyə malikdir ki, bunun 14 hektarında yaşıllıq salınmışdır. Mərkəzi Parkda bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası var.

Parkın ərazisində ümumilikdə 9 fəvvarə var. İstirahət parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılmışdır. Burada 2.100-dən çox 19 növ ağac və 137.000-dən artıq gül və kol bitkiləri əkilmişdir. Parkda yaşıllıqları suvarmaq üçün 6.5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilmişdir. Bundan başqa, Mərkəzi Parkın ərazisində drenaj xəttlər də çəkilmişdir.

Parkın ərazisində Mirzə Ağa Əliyev küçəsi və Təzəpir məscidi arasında 347 yerlik yeraltı avtomobil dayanacağı tikilmişdir. Dayanacaq təbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameraları ilə təchiz edilmişdir.

Gələcəkdə Mərkəzi Parkın ərazisində 2 kafe də fəaliyyət göstərəcək. Əlavə olaraq, Təzəpir məscidinin qarşısındakı bağdan məscidə əlavə giriş imkanı da olacaq.