Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə təhsilimizin, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün möhkəm zəmin yaratmışdır.

Bildiyimiz kimi, Respublikamızda fəaliyyət göstərən elm ,təhsil, mədəniyyət müəssisələrinin əksəriyyəti Yasamal rayonunun ərazisində yerləşir.

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə dəfələrlə Yasamal rayonunda olmuş, rayonda yerləşən bir çox elm, təhsil və mədəniyyət ocaqlarının açılışında iştirak etmiş, sakinlərlə görüşlər keçirmişdir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir. Həmin illərdə tanınmış mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin yubiley tarixləri respublikada təntənə ilə qeyd edilmişdir.

Cəlil Məmmədquluzadənin 125 illik yubiley ilində, 1994-cu ilin 29 dekabr tarixində ölkə prezidenti Heydər Əliyev muzeyin ekspozisiyasının açılışında iştirak etmiş, muzey əməkdaşlarına uğurlar və xoş arzularını bildirmişdir.

Azərbaycanda muzey işinə qayğı və diqqət ulu öndərimiz Heydər Əliyev cənablarının fəaliyyətində xüsusi yer tuturdu. Heydər Əliyev bu muzeylərin açılışında şəxsən iştirak etmiş, sonradan bu müəssisələrin bəzilərini yenidən ziyarət etmişdi. Heydər Əliyevi bir şəxsiyyət kimi səciyyələndirən cəhətlərdən biri də onun elm və mədəniyyətə geniş ürəklə qayğı göstərməsidir. O, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətin-mədəniyyət dəyərlərinin toplanılması,qorunması və daha da zənginləşdirilməsi üçün əməyini əsirgəməmişdir.

Cəfər Cabbarlı ədəbi irsini yüksək qiymətləndirən ulu öndərimiz böyük dramaturqun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir neçə sərəncam imzalamış, bu sərəncamların dövlət səviyyəsində həyata keçirilməsinə şəxsən nəzarət etmişdir.

1982-ci il martın 22-i Bakı şəhəri Yasamal rayonunda ədibin möhtəşəm abidəsinin və ev- muzeyinin açılışı olmuş, təntənəli yubiley gecəsi keçirilmişdir. Abidənin ucaldılmasının, muzeyin yaradılmasının da, yubileyin keçirilməsinin də təşəbbüsçüsü Heydər Əliyev idi və o özü bu mərasimlərdə iştirak edirdi.

Cəfər Cabbarlı abidəsinin təntənəli açılışında çıxış edən Heydər Əliyev Cabbarlı sənətinin əlamətdar cəhətlərini, onun ədəbiyyatımızın inkişafındakı rolunu və mövqeyini aydınlaşdırdı. Onun Cabbarlı yaradıcılığı barədə mülahizələri həmişə müasirdir və öz təravətini saxlayır: “..Şair, nasir və dramaturq Cabbarlının yaradıcılığı çoxşaxəlidir. Onun gördüyü işlər- sözün əsl mənasında, yorulmaz əmək fədaisinin hünəridir. O, müasir Azərbaycan dramaturgiyasının bünövrəsini qoymuşdur, bu dramaturgiyanın inkişafının əsas istiqamətlərini müəyyən etmişdir. Azərbaycan xalqının və Sovet ölkəsindəki bir çox başqa xalqların teatr mədəniyyətini zənginləşdirən qiymətli töhfələr vermişdir. Bizim bütün müasir dram sənətimiz müəyyən mənada Cabbarlı teatrının bəhrəsidir. Mirzə Fətəli Axundovun və Cəili Məmmədquluzadənin böyük ənənələrini inkişaf etdirib zənginləşdirən Cabbarlı teatr yaradıcılığının həqiqi novatoru olmuş, Azərbaycan səhnəsində bu gün də gözəl səmərə verən yeni ənənələrin əsasını qoymuşdur.”

Bu tədbirlərin hər birində ulu öndər Heydər Əliyevin şəxsən iştirak etməsi dövlət rəhbəri tərəfindən sənətə və sənətkara verilən yüksək qiymət idi.

Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Ümummilli liderimiz Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi dövrlərdə elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamışdır. 2002- ci il oktyabrın 4-də imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında “ sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biridir.

1997 ci il sentyabrın 1-də ulu öndər Heydər Əliyevin Yasamal rayon ərazisində fəaliyyət göstərən 18 saylı məktəbə gəlişi də, bu diqqət və qayğının bariz nümunəsidir.

2002-ci ilin avqustun 24-də ümummilli lider Heydər Əliyev böyük şairimiz Hüseyn Cavidin adını daşıyan bağda Yasamal rayonunun əhalisi ilə görüşmüşdür. Görüşə toplaşan 10 minlərlə insan ulu öndərin son dərəcə maraqlı və məzmunlu çıxışına böyük heyranlıqla qulaq asmışlar.