Yasamal rayon Heydər Əliyev Mərkəzində “Gürcüstan-Azərbaycan Dostluğu Nəsildən –Nəsilə "adlı sərgi-tədbir təşkil olundu

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Gürcüstan-Azərbaycan Dostluğu Nəsildən –Nəsilə "adlı sərgi-tədbir təşkil olundu

Fevralın 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Gürcüstanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gürcüstan-Azərbaycan Dostluğu Nəsildən –Nəsilə "adlı sərgi-tədbir təşkil olundu. Sərgidə təsviri sənətin bütün növləri üzrə 120 rəssamın 150-yə yaxın işi nümayiş olundu. Əsərlər Gürcüstan və Azərbaycanın əsrlərə söykənən dostluğunu və hər iki ölkənin təbiətini, həyat tərzini özündə əks etdirir. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və xanımı, həmçinin Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev və xanımı, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski, rəssamlar, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak etdilər.

Öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini yad etdilər.

Sonra tədbir iştiarkçıları Mərkəzin foyesində Azərbaycan Rəssamlar İttifaqının təşkil etdiyi sərgi ilə tanış oldular.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, Azərbaycanla Gürcüstan arasında olan dostluq münasibətləri dərin köklərə malikdir. Bu münasibətlərin fonunda keçirilən sərgi xalqları bir-birinə daha da yaxın edir. Bu siyasətin təməlini Ulu Öndər Heydər Əliyev qoyub və dostluq münasibətləri bu gün də davam etdirilir. Qeyd edib ki, bu gün ölkələrarası mədəni yüksəliş özünün ən gözəl dövrünü yaşayır. Azərbaycan və Gürcüstan irimiqyaslı layihələrə rəhbərlik edir və bir çox məqamlarda tərəfdaş ölkədirlər. Hər iki ölkənin parlamentində dostluq qrupları mövcuddur ki, bu da xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Gürcüstan Respublikasının ölkəmizdəki səfiri Zurab Pataradze çıxışında iki ölkə arasında olan mədəni əlaqələrə toxunaraq bildirib ki, bu çox gözəl sərgidir. İqtisadi, siyasi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də inkişafda olması vacibdir. Buna görə də bu gün mədəniyyət bayramıdır, rəsm əsərlərinin dili ilə xalqların ünsiyyətidir. Rəssamlar sərgidə nümayiş olunan əsərlərində Gürcüstanla Azərbaycan arasındakı dostluğu böyük məharətlə, yaradıcılıqla təsvir ediblər. Düşünürəm ki, xalqların bir-birlərini tanıması və mədəniyyətlərinin yaxın, oxşar olduğunu göstərmək üçün belə sərgilərin keçirilməsi olduqca vacibdir. Səfir onu da qeyd edib ki, Azərbaycan hər zaman, ən çətin vaxtlarda belə Gürcüstanın yanında olub və bu dostluq gələcəkdə də davam edəcək. Azərbaycan və Gürcüstan qardaş ölkədir və bir-birlərini daim dəstəkləyəcək.

Sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov səfiri fəxri fərmanla təltif edib, gürcü dostlar da bu təltifi özlərinin xalq mahnısı ilə alqışlayıblar. Tədbirdə səfir Zurab Pataradzeyə özünün və xanımının rəsmi olan portret əsər də hədiyyə olunub.