Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

 Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Azərbaycan Dövlət Pedoqoji Kollecin tələbələri iştirak etdi.

İlk öncə tələbələr Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular. Burada onlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər haqqında məlumat verildi.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva məruzə ilə çıxış edərək, 29 illik tarixi yolda ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rolundan danışdı. Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaradılıb. Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, ulu öndərin ideyaları əsasında tarixi təşəbbüslərə və nailiyyətlərə imza atıb. Bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycanın müzəffər Ali baş komandanı, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Bu il YAP-ın yaradılmasının 29-cu ildönümünü qalib xalq kimi Zəfər qazanmış dövlətimizdə qeyd edirik. Partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.

Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) yaranması tarixindən və fəaliyyətindən bəhs edən film nümayiş olundu.