Oktyabrın 8-də Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Zəfər Fədailəri” adlı tədbir keçirildi

Oktyabrın  8-də  Vətən   müharibəsi   şəhidlərinə   həsr   olunmuş    “Zəfər   Fədailəri”  adlı   tədbir   keçirildi

Oktyabrın 8-də Yasamal rayon Heydər Əliyev Mərkəzinin, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və 167 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Zəfər Fədailəri” adlı tədbir keçirildi.

Tədbirdə Vətən müharibəsi şəhidləri - Aslanov Xəqaninin, Babayev Vüsalın, Əsgərli Anarın, Abdulrəhmalı Sübhanın, Niftaliyev Rəşadın, Baxışəliyev Rəşadın, İslamov Əlizamanın, Quliyev Mahirin ailə üzvləri, şəhid anası Süsən Yusifova və 167 saylı tam orta məktəbin müəllim və şagirdləri - iştirak etdilər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

Ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında danışdı və şəhid ailələrinə səbr dilədi. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindəki sözlərini tədbir iştirakçılarına çatdırdı: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”

Öz çıxışında Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova qonaqları salamladı və döyüşlərin ilk günündən Hamı - “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun tam qələbəyə nail olması məqsədilə əlindən gələni etdiyini bildirdi. Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Xalq Prezidentimizin, Ali Baş Komandanın ətrafında birləşdi, sosial, siyasi statusundan asılı olmayaraq 10 milyon tək ürək, bir yumruq olduğunu iştirakçıların diqqətinə çatdırdı.

Sonra çıxış edən Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova bildirdi ki, qəhrəmanlar heç zaman unudulmurlar, hər bir Vətən oğlu haqqında danışmaq həm qürurlu, həm də kədərlidir. Vətən uğrunda həlak olan şəhidlərin qəhrəmanlığı əbədi olaraq yaşayır və yaşayacaq.

Anım tədbirində hər bir şəhidə - Aslanov Xəqaniyə, Babayev Vüsala, Əsgərli Anara, Abdulrəhmanlı Sübhana, Niftalıyev Rəşada, Baxşəliyevə Rəşidə, İslamov Əlizamana, Quliyev Mahirə, Yusifov Talehə, Şirəliyev Kamrana həsr olunmuş videoçarxlar nümayiş edildi və şəhidlərin ailə üzvləri və yaxınları çıxış edərək övladlarının vətənin müdafiəsi uğrunda göstərdikləri şücaətlərdən danışdılar.

167 saylı tam orta məktəbin müəllimi Süsən Yusifova çıxışında qəhrəmanlıqları ilə dastan yazan igid oğul və qızlarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifə olduğunu qeyd etdi.

Daha sonra 167 saylı tam orta məktəbin şagirdləri İsmayıl İsmayılzadə, Rüqəyya İbrahimova, Səid Poladova şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

Tədbirin sonunda “Xudayar təsnifi” adlı videoçarx nümayiş edildi.