Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 51- ci ildönümü ilə əlaqədar Yasamal rayon Heydər Əliyev Mərkəzi videoçarx təqdim edir

 Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 51- ci ildönümü ilə əlaqədar Yasamal rayon Heydər Əliyev Mərkəzi videoçarx  təqdim edir

14 iyul- Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 51- ci ildönümüdür.

Azərbaycanın XX əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulmuşdur. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev, sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olmuş, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görmüşdür. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi. Ona görə də 1969-cu ilin ­ 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər ­seçilməsi ölkə­mizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.

Ulu öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövrü eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu aradan qaldırmış, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmışdır. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanmışdı ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazımdır. Ulu öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratmışdı.
Türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılamış, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək bugünkü müstəqilliyimizin təməlini qoymuşdur. 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkə­sinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bütün bunlar Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələri idi.

Sonralar həmin dövrdə həyata keçirilən tədbirlərdən danışan ulu öndər demişdir: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqra­siya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 51-ci ildönümü ilə əlaqədar hazırlanmış videoçarxı aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz.

https://www.facebook.com/319041938623779/posts/833088210552480/