Ermənistan təcavüzünün nəticələri

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Yasamal rayon üzrə 256 nəfər şəhid olmuşdur.

Yasamal rayonunun Milli qəhramanları

Babayev Çingiz Adil oğlu - baş leytenat

2 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Yasamal rayonundakı 20 saylı orta məktəbdə almışdır. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. Bir müddət hərbi hissələrin birində qərargah rəisi vəzifəsində çalışmışdır. 1994-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə C. Naxçivanski adına hərbi liseyə dəyişdirilmişdir. Əvvəlcə tağım komandiri, sonra bölük komandiri, daha sonra tərbiyyəvi işlər üzrə müavin vəzifəsinə irəli çəkilmişdir. O, 28 oktyabr 1995-cildə Bakının “Ulduz” və “Nərimanov ” metrostansiyaları arasında qəzaya uğrayan qatardakı sərnişinlırin həyatını xilas edərkən faciəli şəkildə həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 1996-cı il tarixli 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra Azərbaycanın Milli qəhrəmanı adına layiq görülmüşdür.

Şərəfinə metronun “Ulduz” stansiyasında abidə kompleksi ucaldılmış, C. Naxçivanski adına hərbi liseydə isə büstü qoyulmuşdu. Təhsil aldığı orta məktəbə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Əhmədov Əsəd Cəlal oğlu

15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. 1989-cu ildə Almaniyada tank qoşunlarında hərbi qulluğa başlamışdır. Əsəd əsgəri xidmətini başa vurduqdan sonra vətənə qayıdaraq Bakıda inşaat idarəsində işləmişdir. O, erməni qəsbkarlarının vətənimizə təcavüzünə dözə bilməmiş,1992-ci ilin martında Milli Ordu sıralarına qoşulmuşdur. O,Şuşa rayonunun Zarıslı,Salatınkənd,Turşsu məntəqələrində,Laçın ətrafında,Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Güllücə,Papravənd,Naxçıvanik kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir. 1992-ci il iyulun 31-də Papravənd kəndi ətrafındakı döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Əhmədov Əsəd Cəlal oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bakının Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Xəlilbəyli Təbriz Xəlil Rza oğlu

12 fevral 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981 ci ildə Bakı şəhəri M. Müşfiq adına 18 saylı orta məktəbi bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdur. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanmışdır. Xramord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişdir. Döyüşdəki şücaətinə görə DİN-nin “Boz qurd” mükafatına layiq görülmüşdür. 1992-cı il yanvarın 31-də Təriz Xəlilbəyli qəhrəmancasına həlak olmuşdur.

İki qızı yadigar qalib.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-cı il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Yasamal rayonunda küçələrdən biri Qəhrəmanın adını daşıyır, yaşadığı evin qarşısına xatirə lövhəsi vurulmuşdur.

İbrahimov Mirələkbər Mirələsgər oğlu

30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində ziyalı ailəsində anadan olmuşdur. Birinci sinfə doğma kəndlərində gedən Mirələkbər təhsilini Bakı şəhərindəki 158 saylı orta məktəbdə davam etdirmişdir. 1980-ci ildə hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman və hərbi hazırlıq fakültəsinə daxil olmuşdur. 1993-cü ildə yeni yaradılan Yasamal taboruna komandir təyin edilmişdir. Füzuli rayonunun Alxanlı, kürdmahmudlu kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il martın 5-də Qorqan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Bir övladı yadigar qalıb.

Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğlu ölümündən sonra Azərbaycannın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Vaxtilə müəllim işlədiyi 153 saylı orta məktəb onun adını daşıyır.

İbrahimov Rasim Səxavət oğlu

18 aprel 1962-cı ildə Bakı şəhərinin Əzizbəyov rayonunda anadan olmuşdur. Səkkizinci sinfə qədər 131 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C. Naxçıvanski adına hərbi məktəbə daxil olmuş və 1983-cü ildə ali təhsilini başa vuraraq, Almaniyaya hərbi qulluğa göndərilmişdir. Motoatıcı tağımda komandir müavini kimi xidmətə başlamışdır. 1988-ci ildə hərbi xidmətini başa vuraraq vətənə qayıtmışdır. Füzuli istiqamətində gedən döyüşlərdə rəşadətlə vuruşan Rasim İbrahimova mayor rütbəsi verilmişdir. 1992-ci il iyunun26-da Tuğ kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Bir qızı, bir oğlu yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə İbrahim Rasim Səxavət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bitirdiyi 131 saylı orta məktəb onun adını daşıyır. Çilov adasında abidəsi ucaldılmış,adına xatirə bağı salınmışdır.

Quliyev Vahid Həbibulla oğlu - polkovnik leytenant

20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olmuşdur. 1972-ci ildə Zəngilan rayonunda Hacallı kənd orta məktəbini bitirmişdir. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Özbəkistanda və Rusiyada keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıtmışdır. 1992-ci ildə isə könüllü olaraq döyüş bölgəsinə yollanmışdır. Ağdam istiqamətində gedən döyüşdə qəhrəmanlıq nümayiş etdirmiş, bir müddət orada döyüşdükdən sonra Qubadlıya göndərilmişdir. 1994-cü ildə yenidən Ağdam bölgəsinə qayıtmışdır. V. Quliyev xidmətə başladığı gündən atəşkəs elan olunana qədər düşmənin xeyli zirehli texnikasını sırdan çıxarmışdır. 1996-ci ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Ali Hərbi Məktəbində baş müəllim işləmişdir. 2002-ci ildə ordudan təxris olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Quliyev Vahid Həbibulla oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ailəlidir.

Məmmədov Eldar Harun oğlu

10 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakıdakı 189 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra C. Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1985-ci ildə təhsilini başa vurduqdan sonra Riqadakı Qırmızı bayraqlı Ali Hərbi-Siyasi məktəbdə təhsilini davam etdirmişdir. Təhsilini bitirən E. Məmmədov SSRİ Silahlı Qüvvələrində hərbi xidmətə göndərilmişdir. Erməni işğalçıları vətənimizə təcavüz edən zaman E. Məmmədov Azərbaycana qayıtmış və yenicə yaradılan Sərhəd Qoşunlarında xidmətə başlamışdır. 1993-cü ildə Sərhəd Qoşunları İdarəsinin könüllülərdən ibarət batalyonun tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Fevral ayının 24-də Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsində qəhrəmanlıq göstərmişdir. Qızğın atışmada yoldaşlarını müdafiə edərkən düşmən gülləsinə tuş gələn E. Məmmədov 24 fevral 1993-cü ildə qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə baş leytenant Məmmədov Eldar Harun oğlu ölmündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Məcidov Eldar Tofiq oğlu - sıravi

26 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə 52 saylı orta məktəbi bitirmişdir. 1983-cü ildə hərbi xidmətə çağırılmışdır. E. Məcidov 1985-ci ildə Almaniyada hərbi xidməti başa vuraraq,vətənə qayıtmışdır. Bir müddət sonra-1992-ci ildə cəbhəyə getməyi qərara almışdır. 776 saylı hərbi hissədə PDM-ə komandir təyin edilmişdir. Bununlada Eldarın şərəfli döyüş yolu başlamışdır. 1992-ci il mayın 15-də Şuşanın Zaraslı kəndində gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərmiş, sağ ayağından yaralanmış,çoxlu qan itirdiyindən həyatını xilas etmək mümükün olmamışdır.

Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Məcidov Eldar Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Mirzəyev Murad Telman oğlu - polkovnik leytenant

31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuşdur. 1991-ci ildən C. Naxçıvanski adına Hərbi məktəbə daxil olmuşdur. 1994-cü ildə təhsilini fərqlənmə ilə bitirərək Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə daxil olur və 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə müvəffəqiyyətlə bitirir. 1998-ci ilin sentyabırından Eyirdir Dağ Komando məktəbində, 3 aylıq, 1999-cu ilin yanvar –iyul aylarında isə İstanbulda yerləşən Tuzla Piyada məktəbinin kurslarını müvəffəqiyyətlə başa vuraraq Türkiyə Silahlı qüvvələrinin 4-cü Motoatıcı briqadasında tağım komandiri vəzifəsində xidmətə başlayır. Daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bacarıqlı gənc zabiti ölkəmizdə xidmət etməyə dəvət edir. Gəncədə yerləşən “N” saylı hərbi hissəyə təyinat alan baş leytnant Murad Mirzayev xüsusi təyinatlı qüvvələrdə xidmətini davam etdirir. 1999-cu ilin oktyabırında Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Motoatıcı tağım komandiri, dekabr ayında isə kəşfiyyat bölüyündə kəşfiyyat tağım komandiri vəzifəsinə təyin olunub. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində xidməti dövründə qrup komandiri vəzifəsindən hərbi hissə, daha sonra isə briqada komandiri vəzifəsinə qədər yüksəlir. Xidmət etdiyi dövrdə Murad Mirzəyev müxtəlif təltif və mükafatlara layiq görülmüşdür. O, iki dəfə “Qüsursuz xidmətə görə”, iki dəfə “hərbi xidmətdə fərqlənməyə görə” medallarına və 3 dəfə “Azərbaycan Respublikası Silahlı qüvvələrinin yubiley medalı” na eyni zamanda dəfələrlə qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Murad 2004-cü ildə ailə həyatı qurmuşdur. Onun iki övladı var. Oğlu Nurlan və qızı Dəniz.

2016-cı il 2-5 aprel tarixlərdə ermənilərin təxribatına qarşı keçirilən hərbi əməlliyatlarda, Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, polkovnik- leytenant Murad Mirzəyev döyüş tapşırığını yerinə yetirərkən çox böyük şücaət və igidlik göstərərək, komandiri olduğu qrup ilə birlikdə yüzlərlə ermənini məhv edərək və tutduğu mövqeyi bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Murad Mirzəyev 11 aprel 2016-cı ildə Bakıdakı ikinci fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə Xüsusi Təyinatlı Qüvvələrin polkovnik – leytenantı Murad Telman oğlu Mirzəyev ölkəmizin ərazi bütövlüyünü qorunub saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra “Azərbaycam Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Mirzəyev Yusif Vəli oğlu

23 may 1958-ci ildə Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1975-ci ildə İ. Səfərli adına Naxçıvan şəhər orta məktəbini bitirmişdir. 1988-cı ildə xalq hərəkatına qoşulmuşdur. 1991-ci ilin sonlarında könüllü olaraq cəbhə bölgəsinə yollanmışdır. Y. Mirzəyevin ilk döyüş yolu Ağdərə-Goranboy istiqamətində başlamışdır. Ağdərədə 17 kəndin alınmasında Y. Mirzəyevin müstəsna rolu olmuşdur. O, 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşdə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olmuşdur.

Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Mirzəyev Yusif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Naxçıvan şəhərinindəki məktəblərdən birinə və Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəbə qəhrəmanın adı verilmiş, qarşısında büstü qoyulmuşdur.

Senyuşkin Sergey Aleksandroviç

15 sentyabr 1957-ci il Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olmuşdur.1974-cü il Sızran şəhər orta məktəbini bitirmişdir.

Sergey burada Politexnik İnstitutuna daxil olur. 1975-ci ildən təhsilini Ali Hərbi Təyyarəçilər Məktəbində davam etdirir. 1979-cu ildə bu məktəbi müvəffəqiyyətlə bitirir.Sergey Mİ-8 və Mİ-24 helikopterlərinin uçuş proqramını peşəkar səviyyədə öyrənmişdi.

1 fevral 1992-ci ildən həyatını Azərbaycanla bağlayan Sergey hərbi hissə komandiri təyin edilmişdir. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradıcılarından hesab olunan Sergey, mülki təyyarəçilərə hərbçi təlimini keçməklə yanaşı, Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edərək çox sayda erməni döyüşçüsünü məhv etmişdi. Xocalı soyqırımı zamanı xeyli dinc sakini xilas edə bilsə də, Xocalıda ağır yaralanmış və 29 fevral 1992-ci ildə həlak olmuşdur.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra “ Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Samara vilayətinin Sızran şəhərində dəfn edilib.

Bakının Xətai rayonunda adına küçə var.

Şahbazov Fəxrəddin İbrahim oğlu

22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır.1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır.

1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də Qərbi Azərbaycan torpaqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedir, qaynar döyüş meydanlarından reportaj hazırlayır və xalqa, eləcə də xarici ölkələrə çatdırırdı.Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişlər. Dinc sakinlər qətlə yetirilmiş, kəndlər yandırılmışdı. 20 noyabr 1991-ci ildə dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşmüşlər. Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan arəşə tuturlar. Vertolyot yerə düşərək parçalanır, bütün heyət həlak olur, şəhidlərin arasında Şahbazov Fəxrəddin də var idi. Ermənilər onların cəsədlərini təhqir etməkdən belə çəkinmədilər.

Ailəli idi, iki övladı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra “ Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakı şəhərinin Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.

Şikarov Şikar Şükür oğlu

3 dekabr 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə 46 saylı orta məktəbi bitirərək, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq,təyinatla Primorsk vilayətindəki hərbi hissələrdən birində rota komandiri kimi fəaliyyətə başlamışdır. 1986-cı ildə Moskvada Frunze adına Hərbi Akademiyaya daxil olmuşdur. 1989-cu ildə akademiyanı bitirərək polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin olunmuşdur. 1990-cı il 20 yanvar hadisələrindən sonra vətənə qayıdaraq, əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi,1992-ci ildə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir. 1992-ci ildə Goranboy rayonunda bir sıra əməliyyata bilavasitə rəhbərlik etmiş və hamısı uğurla nəticələnmişdir. 1992-ci il iyunun 13-də yenidən Ağdərəyə yola düşmüş və orada gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.

İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Qobustan rayonunun Sündü kənd orta məktəbi onun adını daşıyır.

Zülfüqarov Elxan Qaçay oğlu

29 iyun 1954-cü ildə Füzuli rayonunun Hoğa(Üçbulaq) kəndində anadan olmuşdur. 1971-ci ildə Mingəçevir Politexnik Texnikumuna daxil olmuşdur. 1972 –ci ildə hərbi xidmətə çağırılmış, 1974-cü ildə xidmətini Ukrayna Respublikasında yerinə yetirdikdən sonra yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə Novosibirsk şəhər Milis Şöbəsinə təyinat alaraq,orada milis baş leytenantı rütbəsinə qədər yüksəlmişdir. 1988-ci ildə Qarabağ hadisəsi ilə əlaqədar vətənə qayıtmışdır. 1992-ci ildə ordu sıralarına qoşularaq,bölmə komandiri kimi Laçın,Qubadlı,Zəngilan ,Füzuli bölgələrində bir çox əməliyyat keçirmişdir. Kapitan rütbəsinə qədər yüksələn E. Zülfüqarov 702 saylı hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə təyin edilmişdir. 1994-cü il yanvarın 5-də növbəti kəşfiyyata yollanaraq qeyri-bərabər qəhrəmanlıq nümayiş etdirən E. Zülfüqarov Şükürbəyli kəndi uğrunda gedən döyüşdə həlak olmuşdur.

Dörd övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.