Rayon haqqında məlumat

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir.

Rayon ərazisindən - cənubdan “Qurd qapısı”ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən – Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan – Biləcəri enişi vasitəsi ilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır.

Rayon əhalisinin sayı 245 900 nəfərdir. Rayon ərazisində 11 işğal olunmuş rayondan 20 550 nəfər məcburi köçkün məskunlaşmışdır.

Qeydiyyatda olan rayon əhalisinin sıxlığı 1 kv.km-ə 15 160 nəfər düşür. Rayon əhalisinin 118 776 nəfərini, yəni 48.5 faizini kişilər, 126 124 nəfərini, 51.5 faizini qadınlar təşkil edir.

Rayon ərazisində 8 ali təhsil müəssisəsi, 5 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 30 uşaq bağçası-körpələr evi, 28 orta ümumtəhsil məktəbi (lisey, gimnaziya) fəaliyyət göstərir ki, burada işləyən müəllimlərin sayı 3076 nəfər, şagirdlərin sayı isə 29 643 nəfərdir.

Metropolitenin “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar “ metro stansiyaları rayon ərazisindədir.

Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.