Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. Bu il ilk dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövründə hər gün yaşayış məntəqələri işğaldan azad olunurdu və həmin torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılırdı. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.