Xalqımızın mənəvi dəyəri
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir." Heydər Əliyev. Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Ana dili hər bir xalqın həyatında müstəsna rola malikdir. Ölkımizdə ana dilimizin hərtərəfli inkişafı, onun saflığının qorunması, işlək dilə çevrilməsi və beynəlxalq münasibətlər sistemində yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir. Ana dilimizin dövlət dili statusu qazanmasında 1978-ci il Konstitusiyasına bu barədə maddənin salınmasının çox böyük əhəmiyyəti oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə etdiyi bu böyük fədakarlığın milli dövlətçiliyimizin, xalqımızın milli varlığının bu günü və gələcəyi baxımından nə qədər mühüm olması indi daha aydın görünür.Bu gün Heydər Əliyevin milli dövlətçilik irsini hər bir sahə üzrə uğurla davam etdirərək Azərbaycanı öz tarixinin ən qüdrətli mərhələsinə çatdıran cənab İlham Əliyev Ulu Öndərin milli dil əmanətinə də sadiqdir. Son illərdə ölkə rəhbərliyinin dilimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər daha da artıb. Dilimizi yaşatmaq milli ruhumuzu yaşatmaqdır. Ana dilimizi zamanın yellərindən qoruyaraq gələcəyə daha da inkişaf etmiş şəkildə çatdırsaq, özümüz də, gələcək nəsillərimiz də onun mənəvi işığında əbədi var olacaq. Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Böyük Elmi işçisi Vüsalə Qasımova.