Əvəzsiz insan 
Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın anım günüdür. Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu ölkə tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Məhz belə insanlardan biri də görkəmli akademik Zərifə xanım Əliyevadır. Zərifə xanım xalqın yaddaşında novator və istedadlı alim, bilikli və bacarıqlı həkim, tanınmış ictimai xadim, gözəl və qayğıkeş ana kimi qalmışdır. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətlərini bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, Onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.Son dərəcə ləyaqətli, insanpərvər, xeyirxah olan Zərifə xanım ailə səadətinin qoruyucusu, fədakar ana idi. Zərifə xanım Heydər Əliyev kimi dünya şöhrətli siyasətçinin xanımı olmaqla artıq böyük bir məsuliyyət daşıyırdı. Yaxşı bilirdi ki, onun ailəsi diqqət mərkəzində olduğundan həmişə hamıya nümunə olmalıdır. Zərifə xanım həyatını xalqına həsr etmiş bir insanı tükənməz sevgi və qayğı ilə əhatə edərək ona əsl dost, yaxın silahdaş və mənəvi dayaq oldu. Eyni zamanda, ailədə elə bir mühit yaradırdı ki, ömrünü Vətənə, xalqına xidmətə həsr edən Ulu öndər evindən, uşaqlarından həmişə arxayın olub dövlət işi ilə məşğul olsun.Bu gün bizim üçün çox əziz olan Zərifə xanım cismən aramızda olmasa da, vaxtilə onun şəfa verdiyi xəstələr, yaxud onların nəvə-nəticələri, işıqlı xatirələrini nəsil-nəsil ötürən tanış və həmkarları, yetirmələri bizimlədir. Zərifə Əliyevanın qanı qanından, canı canından olan övlad və nəvələri, böyüməkdə olan nəticələri bizimlədir. Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Böyük elmi işçisi Vüsalə Qasımova.