Suraxanı rayon Heydər Əliyev Mərkəzi " Qarabağın dirçəlişi-milli ruhun yüksəlişi" layihəsi çərçivəsində təqdim edir: Kəlbəcər rayonu

Suraxanı rayon Heydər Əliyev Mərkəzi " Qarabağın dirçəlişi-milli ruhun yüksəlişi" layihəsi çərçivəsində təqdim edir: Kəlbəcər rayonu
Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Kəlbəcər rayonunun əhalisinin sayı 94,1 min (01.01.2020) nəfərdi. Kəlbəcər əhalisinin 98 faizini Azərbaycanlılar, 2 faizini isə, ruslar, İrandan gəlmə kürdlər və başqa millətlər təşkil edir. Şəhərdə Respublika Dövlət Kənd Təsərrüfatı İstehsal-Texniki Təminat Komitəsinin rayon şöbəsi, məişət xidməti kombinatı, sanitariya-epidemioloji stansiya, 2 orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, 2 kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası, poliklinika, kinoteatr, doğum evi, iri ticarət, sənaye müəssisələri və s. vardı. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə məşhurdur. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib və həmin zavod sutkada 800 min litr su istehsal edib. Rayonun İstisu qəsəbəsində iki İstisu sanatoriyası fəaliyyət göstərib. Kəlbəcərdə aşıq sənəti geniş inkişaf edib. Məşhur "Dədə Şəmşir" ləqəbli Aşıq Şəmşir Aşıq Ələsgərin müasiri olub. Kəlbəcər rayonu 25 noyabr 2020 - ci ildə Ermənistan işğalından azad olunmuşdur.