Dünya azərbaycanlılarının həmrəylik günü

Dünya azərbaycanlılarının həmrəylik günü
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram olaraq qeyd edilir. SSRİ-nin süqutunun son dövründə Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyuldu. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. Beləliklə, 1992-ci ilin 31 dekabrından Dünya Azərbaycanlılarının Həmrəylik günü bayram olaraq qeyd edilir.