Azərbaycan Dövlət Müstəqillik günü

Azərbaycan Dövlət Müstəqillik günü
Bu gün - oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur. XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi. Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" Azərbaycan xalqı bir nəfər kimi Respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir. 1994-cü ilin 15 Oktyabr tarixindən, Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il xalqımız tərəfindən bir bayram kimi qeyd edilir.