Ziyalıların ümummilli lider Heydər Əliyevə tarixi müraciəti

Ziyalıların ümummilli lider Heydər Əliyevə tarixi müraciəti
Ulu öndər Heydər Əliyevin Azərbaycan və dünya tarixindəki rolu özünəməxsus, təkraredilməz və əvəzolunmazdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda sosial-iqtisadi və siyasi cəhətdən həddən artıq mürəkkəb, böhranlı vəziyyət yaranmışdı.1991-ci ilin oktyabrında müstəqilliyini yenidən bərpa edən Azərbaycanın üzləşdiyi taleyüklü problemlər qarşısında aciz, həddən artıq zəif görünən bu qüvvələr ölkədə böyük hərc-mərclik yaratmışdılar. Bu dövrdə xalqın, ölkənin mütərəqqi düşüncəli ziyalılarının gözü Naxçıvana - o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri kimi fəaliyyət göstərən ulu öndər Heydər Əliyevə dikilmişdi. Ölkəni yaxınlaşan böyük təhlükədən, xaos, tənəzzül dalğasından yalnız Heydər Əliyev dühası, ulu öndərin liderliyi, ideya-siyasi xətti ətrafında formalaşan mütəşəkkil, yenilməz siyasi qüvvə xilas edə bilərdi. Xalqın mütərəqqi ziyalıları o dövrdə bunu tam aydın dərk edir, Azərbaycanın mövcud böhrandan, dağılmaq təhlükəsindən xilas etmək üçün ümummilli lider Heydər Əliyevin rəhbərlik edəcəyi nüfuzlu, kütləvi siyasi partiyanın sıralarına daxil olmağa hazır olduqlarını bildirirdilər. Ümummilli lider Heydər Əliyevin böyük siyasətçi, görkəmli ictimai-siyasi xadim kimi çox yüksək reytinqə, geniş siyasi nüfuza malik olduğunu bilirdilər. Onlar haqlı olaraq, Azərbaycanın xilasını, böhrandan, tənəzzüldən qurtulmasını, yaranmış vəziyyətdən çıxış yolunu uzun ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdülər. Bu qayıdış isə yalnız Heydər Əliyevin ideya-siyasi xətti əsasında formalaşan, bu xətti müvəffəqiyyətlə həyata keçirə biləcək, ulu öndərin şəxsən rəhbərlik edəcəyi və xalqın böyük rəğbətini qazanacaq nüfuzlu, mütəşəkkil, kütləvi Yeni Azərbaycan Partiyasının yaradılması ilə reallaşa bilərdi. Bunu yaxşı dərk edən Azərbaycanın tanınmış ictimaiyyətçiləri, görkəmli alimlər, ziyalılar, elm, incəsənət, mədəniyyət nümayəndələri ulu öndər Heydər Əliyevə yazılı müraciət etdilər. 91 nəfər Azərbaycan ziyalısının imzaladığı, bu səbəbdən sonradan “91-lər”in müraciəti adını alan müvafiq müraciət “Səs” qəzetinin 16 oktyabr 1992-ci il tarixli, 43 (72) saylı nömrəsində dərc olundu. Müvafiq müraciətdə göstərildiyi kimi, o dövrdə AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyəti nəticəsində ölkənin siyasi səhnəsində böyük boşluq, vakuum yaranmışdı. Bu boşluğu xalqı vahid milli dövlətçilik ideyası - yeni, müstəqil, dünyəvi, demokratik, çiçəklənən Azərbaycan qurulması yolunda yenilməz, yekdil qüvvə kimi birləşdirəcək ümummilli lider Heydər Əliyev doldura qaldıra bilərdi. “Azərbaycan Sizin sözünüzü gözləyir” deyərək, ulu öndər Heydər Əliyevə müraciət edən ziyalılar Azərbaycanda yaranmış mürəkkəb ictimai siyasi-vəziyyəti böyük uzaqgörənliklə, çox dəyərləndirmiş, Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının dərin zəkalı, təmiz əxlaqlı, müstəqil düşüncəli, milli qürürlu insanların partiyasına çevriləcəyini vurğulamışdılar. Bu gün Yeni Azərbaycan Partiyasının formalaşması baxımından, tarixi əhəmiyyət kəsb edən həmin müraciətinin dərc olunduğu gündür. Bu gün Azərbaycan məhz ulu öndər Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasətinin, hərtərəfli inkişaf xəttinin uğurla gerçəkləşdirilməsi, davam etdirilməsi sayəsində regionda və dünyada sayılıb-seçilən, inkişaf etmiş dövlətlərdən birinə çevrilib.