Ordu xalqındır və ordu xalq üçündür

Ordu  xalqındır və ordu xalq üçündür
26 iyun Silahlı qüvvələrin yaranması günüdür.Bu gün müstəqil dövlətimizin əsas atributlarından biri olan ordumuzun bayramıdı. Ordu deyəndə ilk öncə göz önünə əsgərlərimiz gəlir.Bu günün əsgərləri isə dünənin şəhidləridir. Azərbaycanın Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti ilə yaşıddır.İlk müstəqil dövlətimizin mövcud olduğu dövrdə formalaşdığına görə sözün tam mənasında onu Cümhuriyyətin yetirməsi adlandırmaq olar. AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Bizim ordumuzun yaranması və müasir tələblər səviyyəsində formalaşması ağır, mürəkkəb və keşməkeşli yollardan keçmişdir. Erməni təcavüzü, daxili çəkişmələr, yeni yaradılmış özünümüdafiə taborlarının ayrı-ayrı siyasi məqsədlərə xidmət etməsi bir tərəfdən torpaqlarımızın işğalına şərait yaradır, digər tərəfdən ordumuzun yaranmasına mane olurdu. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsi daim ön plana çəkilir.Ümummilli lider hələ 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olub.Bu gün yüksək rütbəli zabitlər, generalların bir çoxu həmin təhsil ocağının məzunlarıdı. Heydər Əliyevin ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini verib. Heydər Əliyevin ordu quruculuğu siyasətinin təməl prinsiplərindən biri və bəlkə də ən başlıcası xalqla ordunun vəhdəti, yekdilliyi məsələsidir. Ümummilli Lider 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra da ordu quruculuğu siyasətini də davam etdirib.Silahlı Qüvvələrdə həyata kecirilən quruculuq, struktur dəyişikliyi, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçılardan təmizlənməsi Azərbaycan ordusunun keyfiyyət və bacarığını yüksəltdi. Azərbaycanın ordu quruculuğunda milli duyum, milli birlik və milli iftixar, vətənə, torpağa bağlılıq əsas prinsiplərdən biri idi. Azərbaycan Ordusunun mənəvi durumunun keyfiyyətcə yeni mərhələyə qaldırılması əslində Ulu Öndərimizin nəsillərə örnək olan ömür yolunun məzmunundan doğan tarixi bir zərurət, onun titanik fəaliyyətinin məntiqi nəticəsi idi.Heydər Əliyevin ordu quruculuğundakı fəaliyyəti canlı bir məktəbdir və hər bir kəs bu məktəbin təcrübəsindən daim öyrənməlidir. 1994-cü il may ayının 4-də Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin zabitləri NATO-nun strateji və regional qərargahlarında müxtəlif vəzifələrə təyin edilmişlər. Hər il Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir. Proqrama əsasən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun hərbi məktəblərində, kolleclərində və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropa təhlükəsizlik sahəsində əməkdaşlıq, adi silahlara nəzarət, böhran vəziyyətini idarəetmə, ətraf mühitin mühafizəsi, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirak edirlər. Hərbçilərimiz sülhməramlı, humanitar və digər çoxmillətli təlimlərin planlaşdırılması, hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər. Azərbaycan sülhməramlılarının bundan əvvəl Kosovoda, İraqda və hal-hazırda isə Əfqanıstanda NATO-nun, Koalisiya Qüvvələrinin tərkibində öz missiyalarının layiqincə və yüksək peşəkarlıqla yerinə yetirmələri NATO komandanlığı tərəfindən də yüksək qiymətləndirilmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini artıraraq Azərbaycan Silahlı Qüvvələrini müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub. Ölkəmiz üçün ən ağrılı problem – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün çalışırıq. Azərbaycan torpaqları uzun illərdir ki, işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır. Əfsuslar olsun ki, bu ədalətsizlik hələ də davam edir. Halbuki, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və son zamanlar verilən yeni bəyanatlar, mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən qərarlar, qəbul edilmiş qətnamələr bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq, məsələ öz həllini hələ ki, tapmır. Cənab İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutmuşdur. Cənab İlham Əliyevin qayğısı nəticəsində son illər ərzində Azərbaycan Ordusu inkişafının yeni bir səviyyəsinə yüksəlmişdir. Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi əhval-ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaratmışdır. Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrilmişdir. Ermənistan ordusunun təxribatlarına cavab olaraq 2016-cı il aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində yaranan rezonans Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu ki, bunun nəticələrini biz bu gün də Ermənistan cəmiyyətində müşahidə edirik. Nəticədə erməni xalqı öz "şanlı ordusunu" tanıdı, eyni zamanda, bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Aprel zəfərində illərlə yaradılan "məğlubedilməz erməni ordusu" mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir". Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa sahibdir. Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq ordumuzun şəxsi heyətinin daim döyüşə hazır olduğunu göstərdi. Azərbaycan Ordusunun şəxsi heyəti istənilən qələbələri qazanmağa qadirdir və ordumuz tezliklə Vətən torpaqlarını düşməndən xilas edəcək! Suraxanı rayon Heydər Əliyev Mərkəzi Vüsalə Qasımova.Böyük Elmi işçi