15 Iyun - Milli Qurtuluş Günü

Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim ucu tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır.1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, həmin gün şanlı tariximizin dönüş anı, kimi daxil oldu. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi. Bu qayıdışın daha bir nəticəsi xalqın özünəinam hissinin bərpası idi. Xalq inandığı, etibar etdiyi oğlunu və rəhbərini gülçiçəklə,qəlbinin ən böyük sevinci ilə qarşılayırdı.
Yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı.
Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidməti kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsidir. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir. Ölkənin strateji əhəmiyyətli sahələrinin inkişafına, bütün sahələrdə genişmiqyaslı islahatların aparılmasına geniş imkanlar açmışdır. Bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir.
Xalq Heydər Əliyevi hakimiyyətə dəvət etməklə Azərbaycanın bugünkü uğurlarının bünövrəsini qoya bildi. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini Heydər Əliyev qoymuşdur. Onun dövlət və xalq naminə qəbul etdiyi qərarların strateji əhəmiyyətini bugün də duyur, gündəlik həyatımızda hiss edirik. O, Azərbaycanın güclü, inkişaf etmiş qüdrətli dövlətə çevrilməsi yolunda əlindən gələni əsirgəməmişdir. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir. Biz bu gün onun yaratdığı təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq.
Milli Məclis 1997-ci il 27 iyun qərarı ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması gününü - 1993-cü il iyunun 15-ni Milli Qurtuluş Günü elan etdi. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir.
Müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevdir.Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.Azərbaycan xalqının İlham Əliyevə məhəbbətinin, inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. 2003-cü ildə “Zəngin və qüdrətli Azərbaycan uğrunda” çağırışı ilə milyonları öz ətrafında toplayan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi daha müvəffəqiyyətlə həyata keçirilməyə başlandı.