Suraxanı rayonu Heydər Əliyev Mərkəzi “Heydər Əliyev parkı”nın ən gözəl guşəsində, Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının sağ tərəfində özünəməxsus xüsusi bir layihə ilə inşa edilmişdir. Bina 3 mərtəbəli olmaqla, ümumi sahəsi 1080 kvadrat metrdir. Ətrafında tikilmiş tağbəndlərdən ibarət dekorativ divar binanın görünüşünü daha da gözəlləşdirir.
Mərkəzin önündəki meydanda Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin bürüncdən hazırlanmış möhtəşəm abidəsi ucalır.

2009-cu il may ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışı bildirən qırmızı lenti kəsməsi ilə fəaliyyətə başlayan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji qərargahına çevrilmişdir.

Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutları, Azərbaycan Respublikası Milli Məslisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə 2009-cu ildən bəri 250-a yaxın tədbir keçirilmişdir.

Mərkəzdə, ziyarətə gələnlər Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. Qonaqlar 1-ci mərtəbədə Ulu Öndərin Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillərlə tanış olmaq imkanı əldə edirlər.
Onlardan biri Ümumilli Liderin 1-ci hakimiyyət dövründə, digəri isə müstəqillik illərində Suraxanı rayonuna gəldiyi səfərləri əks etdirir.

Mərkəzdə Multimedia və Rəsm studiyaları, Elektron kitabxana fəaliyyət göstərir.

Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən Mərkəzdə bir çox ictimai-siyasi tədbir keçirilmişdir. Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 85000-dən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanmış,Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə 11-ci sinif şagirdlərinə 120 açıq dərs, yeni ailə quran 7gənc ailənin nikah mərasimi keçirilmişdir.

Müxtəlif vaxtlarda rayona gələn yerli və xarici qonaqlar, Milli Məclisin deputatları böyük maraqla mərkəzin fəaliyyəti ilə tanış olurlar. Mərkəzə gələn xarici qonaqlar sırasında YUNESKO-nun keçmiş Baş katibi Koişiro Matsuuranı, Slovakiyanın keçmış prezidenti Rudolf Şusteri, Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisi, Avropa Parlamentinin üzvü Kristina Oyulandı, Estoniya parlamentinin deputatı, Estoniya – Azərbaycan parlament qrupunun rəhbəri Eldar Əfəndiyevi, “Uralsib” maliyyə korporasiyasının direktorlar şurasının sədri Nikolay Svetkovu, Estoniyanın Tallin şəhər dumasının sədri Tomas Vitsutu, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assembleyasının plenar sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş nümayəndələri qeyd etmək olar.

2-ci mərtəbədəki geniş sərgi salonunda “Ulu Öndər” əsəri ilə yanaşı Ulu Öndərin həyatının müxtəlif anlarını, fəaliyyətinin əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir.

2-ci mərtəbədə həmçinin mərkəzi ziyarətə gəlmiş qonaqların, məktəblilərin, tələbələrin Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrətmək məqsədi ilə məşğələlər keçmələri üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriya yaradılmışdır.

3-cü mərtəbədə foto slaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə “Heydər Əliyev Azərbaycan xalqının Ümumilli Lideridir” mövzusunda elektron sərgi nümaiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqlarla təchiz olumuş, audi, video sistemlə müşayyət olunan konfrans zalı – lektoriya fəaliyyət göstərir.

Mərkəzin fəaliyyəti ilə daha geniş tanış olmaq üçün girişdə elektron informasiya köşkü quraşdırılmışdır.