Sabir Rüstəmxanlı: “Xocalı soyqırımı, Qarabağ olayları ilə bağlı tez-tez müsabiqə və yarışların keçirilməsi vacibdir”

Sabir Rüstəmxanlı: “Xocalı soyqırımı, Qarabağ olayları ilə bağlı tez-tez müsabiqə və yarışların keçirilməsi vacibdir”

Bugünlərdə sadəcə ölkəmizdə deyil, dünyanın bir çox dövlətində Xocalı soyqırımının 29-cu ildönümü qeyd edilməkdə, Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilməkdədir.

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin gənclər, yeniyetmələr arasında təbliğ edilməsi, erməni faşizminin bu qanlı əməlinin milli şüura hopdurulması, zəfərlərimiz kimi faciələrimizin də unudulmaması üçün bir sıra addımlar atılır ki, bunlardan da biri bu tarixi olaylarla bağlı müsabiqələrin keçirilməsidir. Məlumat üçün qeyd edək ki, Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə bağlı belə müsabiqələrdən biri də Qaradağ Rayon Heydər Əliyev Mərkəzi tərəfindən keçirilməkdədir.

Moderator.az-a açıqlamasında bu cür müsabiqələrin önəminə diqqət çəkən millət vəkili Sabir Rüstəmxanlı, belə müsabiqələrin gələcəkdə də keçirilməsinin vacibliyini vurğuladı:

“Ümumiyyətlə, Qarabağ savaşı, Qarabağ mövzusu, 90-cı illərdəki uğursuzluqlarımız, Vətən müharibəsindəki qələbəmiz, o cümlədən Xocalı soyqırımı və s. kimi məsələlərin hamısı orta məktəb dərsliklərinə salınmalıdır. Bu faktların hamısı gənclərimizə, yeniyetmələrimizə öyrədilməlidir. Həm ədəbiyyat, həm də tarix dərslərində bu həqiqətlər yer almalı, tez-tez respublika miqyaslı müsabiqələr, yarışlar, o cümlədən şeir, bədii qiraət müsabiqələri keçirilməlidir. Bunlar son dərəcə vacibdir.

Bu baxımdan, Qaradağ rayon Heydər Əliyev Mərkəzi tərəfindən Xocalı ilə bağlı belə bir müsabiqənin keçirilməsi də mühüm bir addımdır və uşaqlarımızın, yeniyetmələrimizin maariflənməsi, Xocalı soyqırımı ilə bağlı həqiqətləri dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə müsabiqələr tarixi yaddaşın qorunub saxlanılması baxımından da böyük önəm kəsb edir”.