18 sentyabr - Milli musiqi günüdür

18 sentyabr - Milli musiqi günüdür

Milli musiqi günü - sentyabr ayının 18-i dahi Ü.Hacıbəylinin doğum günü ilə bağlıdır. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur.

Görkəmli bəstəkar və dirijor Niyazinin təşəbbüsü ilə Üzeyir bəyin vəfatından sonra hər il bu gün dahi bəstəkarın anadan olduğu gün kimi qeyd edilib, Azərbaycan Dövlət Konservatoriyasının (indiki - Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşıb və burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edib.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unudulub. Niyazinin təşəbbüsü 1995-ci ildə ulu öndər Heydər Əliyevin dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması haqqında Fərmanı ilə bu ənənə rəsmi status alır. Bu nəcib qərar bütün insanların, musiqisevərlərin ürəyincə olur. Ü.Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası ilə başlanıb. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazıb. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü.Hacıbəylinin anadan olmasının 100 illik yubileyi UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Üzeyir Hacıbəylinin taleyində ən möhtəşəm səhifə bir də odur ki, bəstəkar Azərbaycan Dövlət himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır.

Mədəniyyət Nazirliyi Milli Musiqi Günü ilə əlaqədar bir sıra tədbirlər keçirirː Bakı Musiqi Akademiyası önündə bu tarixi günlə bağlı təntənəli mərasim keçirilir, Üzeyir Hacıbəylinin ev-muzeyində mədəni tədbirlər təşkil olunur, Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş təntənəli gecə keçirilir. “Bakı Metropoliteni” QSC tərəfindən də Milli Musiqi Günü ilə bağlı getdikcə hər il üçün ənənəvi hal alan sosial layihə gerçəkləşdirilir. Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunur. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təşkil edilir.