Bakı şəhər Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzi 21 yanvar 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qaradağ rayonuna səfəri zamanı açılmışdır.

Burada ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği üçün hər cür şərait yaradılmışdır. Heydər Əliyev Mərkəzində nümayiş olunan fotolar ümummilli liderin Qaradağ rayonuna səfərlərini, böyük sənaye obyektlərinin açılışında iştirakını əks etdirməklə yanaşı, rayonun inkişafının hər zaman ulu öndərin diqqət mərkəzində olduğunu bir daha sübut edir.
Lökbatanda Heydər Əliyev Mərkəzinin yaradılması müasir Azərbaycan tarixinin, Heydər Əliyev irsinin, ulu öndərin zəngin siyasi fəaliyyətinin öyrənilməsi və təbliği baxımından böyük önəm daşıyır. Gənc nəslin milli mənəvi ruhda tərbiyə edilməsində də ulu öndərin fikirlərinin əvəzsiz rolu vardır. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması baxımından da mühüm əhəmiyyətə malikdir.

Mərkəzdə ümummilli liderin həyatından bəhs edən nəşrlərin toplandığı kitabxana, kiçik kafeteriya və müasir avadanlıqlarla təchiz olunmuş internet zalı fəaliyyət göstərir. Burada 50 yerlik konfrans və 220 yerlik iclas zalları var eləcə də, 3D formatında hazırlanan filmlərin nümayişi üçün avadanlıqlar mövcuddur.