Yaxın mədəniyyət müəssisələri

Astara rayonu dənizkənarı Park-bulvar kompleksi

Astara rayonunun mərkəzində yerləşən bu mədəniyyət və istirahət kompleksində yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub. Kompleksin açılışı 11 aprel 2015-ci ildə təşkil olunub. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır.

Kompleksin II hissəsinin açılışı 15 oktyabr 2018-ci ildə təşkil olunub. Park-bulvar kompleksinin ikinci hissəsinin ərazisi 10 hektar sahəni əhatə edir. Bu istirahət məkanının 500 metrlik hissəsi Xəzər dənizinin sahili boyunca uzanır. Ərazidə 52 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb, qala divarı, fəvvarə kompleksi, süni şəlalə quraşdırılıb. Bundan başqa, istirahət məkanında 2 hektar sahəsi olan “Zirvə” idman klubuna məxsus atıçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb, uşaqlar üçün attraksionlar, oturacaqlar, işıq dirəkləri və suvarma sistemi quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllıq işləri görülüb, gül, dekorativ kol və ağaclar, həmçinin yerli meşə ağacları əkilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yaradılan bu dənizkənarı park-bulvar kompleksi ilk növbədə rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan və şəhərə xüsusi yaraşıq verən bu istirahət ocağı Azərbaycanın tərəqqisi, ölkəmizin və onun bölgələrinin inkişafını bir daha sübut edir.

Astara rayon Tarix-Diyarşünaslıq Muzeyi

Hal-hazirda fəaliyyət göstərən Astara Tarix-Diyarşinaslıq muzeyi Əmək veteranı Əsədulla İmaməliyev tərəfindən müxtəlif dövrləri əhatə edən və bölgəmizin etnoqrafiyasına aid müxtəlif əşyaları toplayaraq bir araya gətirmiş, muzey kimi ilk fəaliyyətini rayonun müxtəlif inzibati binalarında və sonradan rayonun mərkəzi mədəniyyət evində muzey təşkil edilmişdir.

Rəsmi olaraq Astara Tarix-Diyarşünaslıq muzeyi 4 Yanvar 1980–cı il tarixli qərarla yaradılmışdır. 1984-cü ildə bina inşa edilərək istifadəyə verilmişdir.

Muzeyin ümumi sahəsi 600 kv metr, ekspozisiyanin sahəsi 200 kv metr təşkil edir.

Muzey üç şöbə və altı bölmədən ibarətdir.

1. Təbiət və Orta əsrlər bölməsi.

2. Milli Mədəniyyət və İnqilab bölməsi.

3.Müharibə bölməsi və Müasir həyat bölməsi

Muzeydə toplanmış tarixi eksponatları əsasən Əmək veteranı Əsədulla İmaməliyev toplayıcılıq yolu ilə və rayon ziyalılarının, müxtəlif peşə sahiblərinin tərəfindən muzeyə hədiyə edilmişdir.

Hal-hazırda muzeyin əsas fondu 7.817 ədəd eksponat təşkil edir. Muzeyin ekspozisiyasında 2004 ədəd eksponat nümaiş olunur.

Muzeyin direktoru Gülzar ismayılovadır.

Astara rayon Gənclər Evi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 aprel 2011-ci il tarixində Astara rayonunda Gənclər Evinin açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Astara şəhərinin Heydər Əliyev prospektində yaradılmış Dövlət Bayrağı Meydanı ilə tanış olub.

Meydanda 65 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb. Ətrafda ən müasir tələblərə cavab verən park salınıb, müasir işıqlandırma sistemi qurulub və abadlıq işləri görülüb.

Dövlətimizin başçısı Gənclər Evinin açılışını bildirən lenti kəsdikdən sonra ümumi sahəsi 900 kvadratmetr olan ikimərtəbəli bina ilə tanış olub.

Burada gənclərin istirahəti və dincəlməsi üçün hər cür şərait yaradılıb. Binanın birinci mərtəbəsində çay evi və internet klub, ikinci mərtəbədə isə bayraq guşəsi və şahmat klubu fəaliyyət göstərir. Ümumilikdə burada 12 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Gənclər Çay Evində cənub bölgəsində yetişdirilən çay nümunələrindən dəmlənmiş çay içib öz istirahətlərini təşkil edə bilərlər.

Şahmat klubunda isə yeniyetmə və gənclər bu qədim oyunun sirlərinə yiyələnə, ərazidəki Dövlət Bayrağı Muzeyində Azərbaycan tarixinin şanlı səhifələri ilə tanış ola bilərlər. Muzeydə 1918-ci ildən bəri Azərbaycanda mövcud olan dövlət bayraqlarının nümunələri təqdim edilir, bununla yanaşı, qədim pullar, medallar və digər tarixi eksponatlar nümayiş olunur. Muzeydə Azərbaycanın hərb tarixinə dair eksponatlara da geniş yer verilib.

Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Astara rayonunda ilk kitabxana 1939-cu ildə fəaliyyətə başlamışdır. İki otaqdan ibarət kitabxananın kitab fondu 5250 ədəd olmuşdur.

1975-ci ildən Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Dövlət kütləvi kitabxanalar haqqında əsasnaməyə uyğun olaraq III kateqoriyalı kitabxana kimi fəaliyyət göstərir. Hal-hazırda rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 48 kütləvi kitabxana - 1 Mərkəzi rayon, 1 Şəhər, 2 qəsəbə və 46 kənd kitabxana filiallarından ibarət şəbəkəni özündə birləşdirir.

Astara rayon Mərkəzi Kitabxana Sistemində 6 şöbə fəaliyyət göstərir :

1. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

2. İnformasiya-resurs şöbəsi

3. Metodika və biblioqrafiya şöbəsi

4. Mərkəzi Xidmət şöbəsi

5. Komplektləşdirmə və kitabişləmə şöbəsi

6. Uşaq şöbəsi

Astara rayon Mədəniyyət Mərkəzi

Astara rayon Mədəniyyət Mərkəzi 1 mərkəz, 21 Mədəniyyət evi, 21 klubdan ibarətdir.

Mərkəzin direktoru Hacıbala Ramazanovdur.

Mərkəzin tərkibində Xalq Teatrı, “Sevinc” mahnı və rəqs ansamblı və “Əvəsor” folklor xalq kollektivi fəaliyyət göstərir.

Astara rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

Astara rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 avqust 2017-ci il tarixli əmri ilə Uşaq Gənclər İdman Məktəbi və Uşaq Gənclər Şahmat Məktəbinin bazasında rayon təhsil şöbəsinin tabeçiliyində yaradılmışdır. Uşaq Gənclər İdman Məktəbi 1967-ci ildən, Uşaq Gənclər Şahmat Məktəbi 1985-ci ildən fəaliyyət göstərir.

Məktəbin direktoru “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, Beynəlxalq dərəcəli hakim İbrahimov Azər Bilal oğludur.

Məktəbdə idmanın boks, sərbəst güləş, futbol və şahmat bölmələri üzrə 34 qrupda idmançılarla 28 məşqçi-müəllim məşğul olur.