Astara rayon Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Həqiqəti gizlətmək mümkün deyil” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn tarix dərsi

Astara rayon Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Həqiqəti gizlətmək mümkün deyil” mövzusunda  ZOOM proqramı vasitəsi ilə onlayn tarix dərsi

29 mart 2021-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzinin, Mirzə Ələkbər Sabir adına Astara şəhər 1saylı tam orta məktəbinin və Astara rayon Şağlazüzə kənd tam orta məktəbinin birkə təşkilatçılığı ilə Astara rayon Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Həqiqəti gizlətmək mümkün deyil” mövzusunda ZOOM proqramı vasitəsi ilə maariflədirici onlayn tarix dərsi keçirilmişdir.

Onlayn tədbiri Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan etmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilimiş, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Mərkəzin direktoru çıxışında qeyd etmişdir ki, 31 Mart 1918-ci il Azərbaycanlıların Soyqırımı faciəsindən 103 il ötür.

31 Mart 1918-ci il Azərbaycanlıların Soyqırımı günü kimi 1998-ci ildən başlayaraq dövlət səviyyəsində qeyd olunur.

Uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulmuş həqiqətlər Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri ilə açılmış, həmin faciəli hadisələr özünün əsl qiymətini almağa başlamışdır.

Ulu Öndər Heydər Əliyevin imzaladığı “1948 – 1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya haqqında” 18 dekabr 1997-ci il tarixli Sərəncamında və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanında ermənilərin xalqımıza qarşı aramsız tətbiq etdikləri deportasiyaların və soyqırımlarının tədqiq edilib dünya ictimaiyyətinə çatdırılması mühüm vəsifə kimi qarşıya qoyulmuşdur.

Onlayn tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova, əməkdaşı Aygün Rufulayeva, Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva və şagirdlər Nuray Abdullazadə, Sumra Abdullzadə, Məsuməxanım Məmmədzadə, Astara rayon Şağlazüzə kənd tam orta məktəbinin direktoru Emin Fətəliyev və şagirdi Sahib Zahidov iştirak və cıxış etmişdir.

Onlayn tədbirdə mövzu ətrafında çıxış edənlər bildirmişdirlər ki, “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdılaraq Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Həmçinin müəllim və şagirdlərə Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyəti bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyi haqqında daha ətraflı və dolğun məlumatlar çatdırılmışdır.