Rayon (şəhər) Heydər Əliyev mərkəzinin

Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında

Ümummilli Lider Heydər Əliyevə ümumxalq məhəbbətinin təcəssümü olaraq 2005-ci ildən etibarən respublikanın şəhər və rayonlarında ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş Heydər Əliyev muzeyləri yaradılmışdır.

Keçən dövr ərzində rayon (şəhər) Heydər Əliyev muzeyləri fəaliyyət dairələrini genişləndirərək, öz nəzdində müxtəlif dərnəklər, kitabxanalar, kinozallar, xarici dil kursları və s. şəbəkələrin yaradılmasına nail olmuşlar.

Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını, habelə yerlərdən daxil olan çoxsaylı müraciətləri əsas tutaraq nazirliyin müvafiq əmri ilə bu muzeylər mərkəz adlandırılmışlar.

Heydər Əliyev mərkəzinin fəaliyyətinin səmərəliyini artırmaq və işini tənzimlənmək məqsədi ilə

Qərara alıram:

1. Rayon (şəhər) Heydər Əliyev mərkəzinin Nümunəvi Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

2. Təsdiq olunmuş Nümunəvi Əsasnamə rayon (şəhər) mədəniyyət və turizm şöbələri və Heydər Əliyev mərkəzləri tərəfindən rəhbərlik və icraya götürülsün.

3. Qərarın icrasına nəzarət nazir müavini S.Məmmədəliyevaya tapşırılsın.

Əsas: Mədəniyyət və Turizm Nazirliyinin 24.01.2012-ci il tarixli 19 nömrəli əmri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2012-ci il tarixlı 17/PA-8-11/18 nömrəli tapşırığı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 12.01.2012-ci il tarixli 2/43 nömrəli məktubu, Mədəniyyətşunaslıq üzrə Elmi-Metodik Mərkəzinin rəyi, nazir müavini S.Məmmədəliyevanın xidməti məlumatı

Nazir Əbülfəs Qarayev

Mədəniyyət və Turizm Nazirliyinin

23 04 2012-ci il tarixli

5 nömrəli qərarı ilə edilmişdir

Rayon (şəhər) Heydər Əliyev mərkəzinin Nümunəvi Əsasanaməsi

l. ÜMUMİ MÜDDƏALAR

1. Rayon (şəhər) Heydər Əliyev mərkəzləri (bundan sonra – Mərkəz) Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsının dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan, elmi cəhətdən öyrənilməsini təşkil edən, habelə hərtərəfli inkişaf etdirilməsini təmin edən mədəniyyət, elmi- tətqiqat qurumu olan dövlət müəssisəsidir.

2. Mərkəz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərir və onun tabeliyindədir.

3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Mədəniyyət haqqında", "Muzeylər haqqında", Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyinin əmr və kollegiya qərarlarını, digər normativ aktları, habelə bu Əsasnaməni rəhbər tutur.

4. Mərkəz öz vəzifəsini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, yerli özünüidarəetmə orqanları, yaradıcılıq ittifaqları, elmi -tətqiqat, təhsil,mədəniyyət və turizm müəssisələri, habelə qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

5. Mərkəzin qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinədarlıq və bank hesablarına, o cümlədən valyuta hesabına, üzərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və öz adı həkk olunmuş möhürə, ştamplara və blanklara malikdir.

6. Mərkəzin fəaliyyəti və saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyələşdirilir. Mərkəz öz işini mövcud qaydada təsdiq edilmiş perspektiv və illik planları əsasında qurur, öz fəaliyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə hesabat təqdim edir.

7. Mərkəz respublikanın rayon və şəhərlərində fəaliyyət göstərir.

ll. MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

1. Mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir.

8.1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti ilə bağlı materialların toplanması, elmi tədqiqiat və təbliği, fondlarda qorunması, ekspozisiya və sərgilərdə nümayiş etdirilməsi;

8.2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi əşyaların, maddi-mədəni abidələrin toplanması, kataloqlaşdırılması, qorunub saxlanılması və veb-saytda yerləşdirilməsi təmin edilməsi;

8.3. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi;

8.4. Xarici ölkələrin müasir iş təcrübəsinin öyrənilməsi, elmi və texniki heyətın peşə ixtisasının artırılması sahəsində əməkdaşlıq üçün beynəlxalq əlaqələrdən istifadə edilməsi, metodiki materiallar və təcrübə mübadiləsi haqqında xarici ölkələrin muzeyləri ilə saziş bağlanılması və həyata keçirilməsi, müvafiq şərait olduqda xarici ölkə mütəxəsislərinin qəbul edilməsi və həmin ölkələrə mütəxəssis göndərilməsi.

8.5. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinə dair tarixi araşdırmaların və tədqiqatların təbliğ edilməsi.

8.6. Mərkəzin işçilərinin əməyin ödənilməsi üzrə yüksək qrupa daxil edilməsi məqsədilə müvafiq qaydada vəsatət qaldırılması.

III. MƏRKƏZİN VƏZİFƏLƏRİ

9. Mərkəz aşağıdakı vəzifələri yerinə yetirir:

9.1. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı materialların toplanması, uçotu, mühafizəsi, bərpası, nümayişi, təbliği və elmi cəhətdən öyrənilməsi və tədqiqi, fondlarda qorunması, ekspozisiya və sərgilərdə nümayiş etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, məlumatların elektron daşıyıcılarına daxil edilməsi və elektron kataloq vasitəsilə vahid muzey informasiya sisteminə qoşulması üçün tədbirin görülməsi;

9.2. Xüsusi əhəmiyyət kəsb edən nadir sənədlərin, əşyaların surətlərinin hazırlanması;

9.3. Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi;

9.4. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev irsinə dair tarixi araşdırmaların və tədqiqatların təbliği, dəstəklənməsi,

9.5. tədqiqat və təbliğat işlərinin əsas istiqamətlərinin müəyyənləşdirib plan və proqramların hazırlanması, onların maddi-texniki təminatı üçün tədbirlərin görülməsi;

9.6. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi əşyaların, maddi mədəni abidələrin toplanması, kataloqlaşdırılması və qorunub saxlanılmasının təmin edilməsi;

9.7. Müasir tələbləri nəzərə almaqla mərkəzdə ekspozisiyanın qurulması və sistematik olaraq onun zənginləşdirilməsi, təkminləşdirilməsi, yeni avadanlıqlarla təchiz edilməsi,

9.8. Mərkəzdə və mərkəzdən kənarda mədəni- kütləvi işin aparılması, bu istiqamətdə müasir xidmət formaları və yeni avadanlıqlardan istifadə edilməsi;

9.9. Heydər Əliyev irsini və onun ictimai-siyasi fəaliyyətini təbliğ etmək məqsədilə respublikamızda, habelə xarici ölkələrdə səyyar sərgilərin təşkil edilməsi;

9.10. Tamaşaçıların müxtəlif təbəqələrini, o cümlədən, xarici turistlərin marağını nəzərə almaqla ekskursiya mətnlərinin hazırlanması;

9.11. Mərkəzin tamaşaçılarının istəklərini, rəylərini öyrənmək məqsədilə sosioloji sorğu, rəy və diğər müraciət formalarının tətbiq edilməsi;

9.12. Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinə aid araşdırmaların nəticələri, həmçinin mərkəzin apardığı elmi-tədqiqat işinin nəticələri ilə bağlı elmi məclis və forumlarda çıxışların edilməsi, buklet, kataloq, bələdçi və elmi monoqrafiyaların nəşrinə nail olunması;

9.13. Əhalinin müxtəlif yaş və sosial qrupları üçün daimi fəaliyyət göstərən həvəskar birliklərin təşkil edilməsi;

9.14. Mərkəzdən istifadə rejiminin təmin edilməsi, abidələrin qorunması, onlardan istifadə qaydaları və Mərkəzin mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi;

9.15. Mərkəzin turist marşurutlarına salınması və geniş tamaşaçı kütləsinin cəlb edilməsi üçün müxtəlif proqramların hazırlanamsı və bu istiqamətdə məqsədyönlü iş aparılması;

9.16. Mərkəzin ərazisində rekreasiya zonalarının, yaşıllaşdırma sahələrinin və nəqliyyat hərəkətinin müvafiq qaydada təşkil edilməsi;

9.17. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun layihələrinin hazırlanıb həyata keçirilməsi;

9.18. Mərkəzin ərazisini idarə etmək üçün rəqəmli informasiya-kommunikasiya sisteminin yaradılması, beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsi;

9.19. Mərkəzə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinat üzrə səmərəli istifadə olunmasının təmin edilməsi;

9.20. Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılması, internet saytının yaradılması, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsi və bu informasiyanın daimi yeniləşdirilməsinin təmin edilməsi;

9.21. Mərkəzin strukturunun və fəaliyyətinin təkminləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görülməsi;

9.22. Mərkəzə aid proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və Mərkəzin inkişafının təmin edilməsi;

9.23. müntəzəm qrafik əsasında Mərkəzin ərazisində yerləşən muzeyin, konfrans zalının, kitabxananın və digər mədəni obyektlərin ictimaiyyət üçün açıq elan edilməsi;

9.24. müvafiq tarixi və mədəni sərgilərin və təqdimatların təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsi;

9.25. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

IV. MƏRKƏZİN HÜQUQLARI

10. Mərkəz aşağıdakı hüquqlara malikdir:

10.1. vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə fəaliyyət isiqamətlərinə uyğun olaraq qanunvericiliklə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olmaq, göstərdiyi xidmətlərə və yerinə yetirdiyi işlərə görə xidmət haqları almaq:

10.2. Mərkəzin fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

10.3. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) nazirliyin razılığı ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

10.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, fəaliyyəti istiqamətləri üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

10.5. nazirliyin razılığı ilə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

10.6. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

10.7. Mərkəz ərazisində mədəni- kütləvi tədbirlər keçirməklə, nazirliyin razılığı ilə müvəqqəti və daimi xidmətlər göstərən strukturlar (obyektlər) yaratmaqla, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak etməklə, müxtəlif növ xidmətlər göstərməklə qanunvericiliyə zidd olmayan gəlir əldə etmək;

10.8. Mərkəzin fəaliyyəti ilə bağlı qərarlar qəbul etmək;

10.9. nazirliyin razılığı ilə Mərkəzin elmi-tədqiqat, analitik-informasiya və digər fəaliyyətini planlaşdırmaq;

10.10. Mərkəzin strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişiliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təkliflər vermək;

10.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. MƏRKƏZİN İDARƏ EDİLMƏSİ VƏ FƏALİYYƏTİNİN TƏŞKİLİ

11. Mərkəzin strukturu və ştat cədvəli Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunur.

12. Mərkəzin fəaliyyəti üzərində nəzarət Mədəniyyət və Turizm Nazirliyi və rayon (şəhər) Mədəniyyət və Turizm Şöbəsi tərəfindən təmin edilir;

12.1. Nazirlik Mərkəzin ilk mühasibat balanslarının, mənfəətinin (zərərinin) bölgüsünü təsdiq edir.

12.2. Nazirlik Mərkəzin fəaliyyətinin əsas istiqamətlərinə dair plan və hesabları təsdiq edir.

12.3. Nazirlik Mərkəzdən daxil olan təkliflərə baxır və öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görür.

12.4. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

13. Mərkəzin nəzdində muzey fəaliyyət göstərir. Muzey sistematik olaraq öz profilinə uyğun ədəbiyyat, elmi-metodiki və dövrü və mətbuat materialları ilə zənginləşdirilir.

14. Mərkəzin fəaliyyəti prosesində onun elmi arxivi yaradılır. Buraya plan və hesabatlar, mərkəzin şurasının protokolları, mühazirə və ekskursiya mətnləri, ezamiyyətlər haqqında hesabatlar, mövzu-ekspozisiya planları və s. materiallar daxil edilir.

15. Mərkəzin fəaliyyətinə yerli icra orqanlarınin təqdimatı əsəsında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin əmri ilə vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

16. Mərkəzin direktoru:

16.1. Mərkəzin səmərəli fəaliyyətini təşkil edir və ona ümumi rəhbərliyi həyata keçirir.

16.2. Mərkəzin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür.

16.3. Mərkəzin struktur bölmələrinin əsasnamələrini təsdiq edir.

16.4. Mərkəzin işçilərini müəyyən olunmuş qaydada vəzifəyə təyin və vəzifədən azad edir, İşçiləri müqavilə əsasıda işə qəbul edir, işdən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, vəzifə bölgüsü aparır.

16.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərancamlar verir, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir, mərkəzin iş planını rayon (şəhər) Mədəniyyət və Turizm şöbəsi təsdiq edir, onun icrasına nəzarət edir.

16.6. Bütün inzibati, təsərüffat və ictimai idarə və təşkilatlarda Mərkəzin adından etibarnaməsiz çıxış edir, Mərkəzi təmsil edir, məhkəmədə iddiaçı və cavabdeh qismində iştirak edir, bu Nizamnaməyə müvafiq olaraq mərkəzin fəaliyyətinə rəhbərlik etmək üçün bütün əməliyyatları həyata keçirir.

16.7. Mərkəzin daxili intizam qaydalarını təsdiq edir.

16.8. Mərkəzin əmlakı barədə qanunvericiliyə uyğun olaraq sərəncamlar verir, müqavilələr bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır.

16.9. Mərkəzin illik və digər iş planlarının tərtib olunmasını təmin edir.

17. Direktor müavini və baş mühafiz Mərkəzin direktorunun və mədəniyyət və Turizm şöbəsinin (idarəsinin) təqdimatı ilə Mədəniyyət və Turizm Nazirliyyinin əmri ilə təşkil olunur və işdən azad edilirlər. Direktor müavini və baş mühafiz onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün məsuliyyət daşıyırlar.

18. Mərkəzin direktoru yanında məşvərətçi qurum kimi Mərkəz şurası fəaliyyət göstərir. Mərkəz şurasının tərkibi direktorun təqdimatı ilə mədəniyyət və turizm şöbəsi (idarəsi) tərəfindən əmrlə təsdiqlənir. Şuranın say tərkibi, vəzifələri və səlahiyyətləri müvafiq Əsasnamə ilə müəyyən edilir. Mərkəzin direktorunun yanında digər məşvərətçi qurumlar yaradıla bilər.

19. Mərkəzdə fond-satınalma kimissiyası fəaliyyət göstərir. Komissiyanın tərkibi mərkəzin direktorunun təqdimatı ilə mədəniyyət və Turizm şöbəsi (idarəsi) tərəfindən təsdiq edilir. Fond-satınalma komissiyası öz işini Mədəniyyət və Turizm Nazirliyyinin təsdiq etdiyi Əsasnaməyə uyğun qurur. Komissiyanın vəzifələri müvafiq Əsasnamə ilə tənzimlənir.

20. Mərkəzin fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təklifləri, Mərkəzin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir.

21. qanunvericiliyə uyğun olarq digər səlahiyyətləri həyata keçirir.

VI. MƏRKƏZİN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ

23. Mərkəzin əmlakı:

23.1. ona təhkim edilmiş dövlət əmlakından;

24.2. dövlət büdcəsindən məqsədli təyinatla ayrılan vəsaitlərdən;

25.3. fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan;

26.4. qanunvericiliklə nəzərdə tutulan digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir.

27. Büdcədənkənar daxilolmalar:

27.1. Hüquqi və fiziki şəxslərin könüllü maddi yardımları.

27.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər.

27.3. Mərkəzin ümumi fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyi, maliyyə-təsərrüfat fəaliyyəti isə müvafiq səlahiyyətli orqan tərəfindən yoxlanıla bilər.

28. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə istifadə olunur.

29. Mərkəz öz vəzifələrini yerinə yetirmək məqsədi ilə büdcədəkənar vəsaitləri,qrantları, fiziki və hüquqi şəxslərin məqsədli ianələrini istifadə etməklə xüsusi fondlar yaratmaq və onlardan istifadə etmək hüququna malikdir.

30. Mərkəzin maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, texniki vəsaitlər, metodiki materiallar, elmi və bədii ədəbiyyat nəqliyyat vasitələri, maşın və avadanlıqlar, habelə başqa maddi-texniki təchizat vasitələri təşkil edir.

31. Mərkəzə təhkim edilmiş torpaq sahələri onun daimi istifadəsindədir.

32. Mərkəz əldə edilən gəlirlərdən və mülkiyyət obyektlərindən elmi və maddi bazanın inkişafı, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, habelə öz fəaliyyəti ilə bağlı digər ehtiyaclar üçün qanunvericiliyə uyğun olaraq istifadə edir.

33. Mərkəzin işçilərinin say həddi, aylıq vəzifə maaşları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir.

34. Mərkəzin öz maliyyə vəsaitləri hesabına vəzifə maaşlarına əlavə ödəniş və artırmalar müəyyən oluna, mükafatlar və digər həvəsləndirici ödənişlər verilə bilər. Artırmaların, əlavə ödənişlərin, mükafatların və digər ödənişlərin miqdarı üçün son hədd qoyulmur.

35. Mərkəz öz fəaliyyətinin nəticələrinin uçotunu aparır, müəyyən olunmuş qaydada statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir.

VII. YEKUN MÜDDƏALAR

36. Mərkəzin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Əsasnamə ilə tənzimlənməyən məsələlər Mədəniyyət və Turizm Nazirliyinin qəbul etdiyi qərar və Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

37. Bu Nizamnamə Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə tam, yaxud qismən dəyişdirilə bilər.

38. Bu əsasnamənin hər hansı müddəası gələcəkdə qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası əsas götürüləcəkdir.

39. Mərkəzin yenidən təşkili və ləğvi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.