“Dayanıqlı İnkişaf Məqsədləri və insan hüquqları” mövzusunda seminar keçirilib

“Dayanıqlı İnkişaf Məqsədləri və insan hüquqları” mövzusunda seminar keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 12 iyun 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “Dayanıqlı İnkişaf Məqsədləri və insan hüquqları” mövzusunda seminar keçirilib. Yığıncağı Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Abdullayev Rüstəm açaraq bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədlərinin əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Yeni Dayanıqlı İnkişaf Məqsədlərinin özünəməxsusluğu onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc səfirləri Əkbər Cəlilov və Tural Qubatovun çıxışlarında vurğulanıb ki, BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri 1 yanvar 2016-cı il tarixdə rəsmi şəkildə qüvvəyə minib. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda, qarşıdakı illər ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklər.