Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağsu rayonunda vətəndaşlarla görüşüb

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağsu rayonunda vətəndaşlarla görüşüb
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mayın 24-də Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Heydər Əliyev Mərkəzində Ağsu rayonundan olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb. Sonra nazir müavini Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib. Qəbulda Ağsu rayon sakinləri tərəfindən ölkədəki Heydər Əliyev mərkəzlərinə tanışlıq turlarının təşkili, Ağsu Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, məktəb üçün yeni binanın tikilməsi, Tarix-diyarşünaslıq muzeyinin təmiri, ekspozisiyasının yenidən qurulması və digər məsələlər barədə müraciətlər edilib. Vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.