I bölmə.

Heydər Əliyevin uşaqlıq və ilk gənclik illəri.

Heydər Əlirzə oğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasında dəmir yol işçisi ailəsində dünyaya gəlmişdir. Gələcəkdə dünyanın ən nüfuzlu şəxsiyyətlərindən, tanınmış siyasətçilərindən olacaq Heydər Əliyev fenomeni hələ uşalıqdan özünü biruzə verirdi. Xasiyyəti, davranışı, düşüncə tərzi, məntiqi, səmimiyyəti və düzlüyü eyni zamanda ciddiliyi və prinsipiallığı, parlaq istedadı habelə çəkdiyi gözəl rəsmlərlə özfəaliyyət dərnəklərində məharətlə oynadığı rollarla fərqlənən Heydər Əliyevi həmyaşıdları hələ erkən yaşlarından özlərinə rəhbər bilirdilər. Orta məktəbdə təhsil aldıqdan sonra 1938-1939-cu illərdə Heydər Əliyev Naxçıvan Pedaqoji Texnikumunda təhsil almış və oranı əla qiymətlərlə bitirib Azərbycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) memarlıq fakultəsinə qəbul olmuşdur. İkinci dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmişdir. Heydər Əliyev 1944-cü ilin may ayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən Dövlət Təhlükəsizliyi Orqanlarına işə göndərilmiş, Leninqradda (indiki Sankt Peterburq şəhərində) xüsusi ali təhsil almışdır.Təhsilini davam etdirən Heydər Əliyev 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir.

II bölmə.

Heydər Əliyevin Dövlət Təhlükəsizlik orqanlarında fəaliyyəti.

Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətinin ilkin dövrü 1944-1953 - cü illəri əhatə edir. Heydər Əliyev təhlükəsizlik orqanlarının sıralarında yalnız öz şəxsi keyfiyyətləri- dərin erudusiyası, hərtərəfli dünyagörüşü, parlaq zəkası nəticəsində vəzifə pillələrində addım-addım irəliləyirdi. Harada çalışmasından asılı olmayaraq Heydər Əliyev dəfələrlə özünün də qeyd etdiyi kimi, heç bir zaman vəzifə dalınca qaçmayıb, savadlı və məsuliyyətli əməkdaşı vəzifənin özünün mütləq tapacağına əmin olan bu insanın təhlükəsizlik orqanlarında və ümumiyyətlə həyatda pillə-pillə yüksəlişi və nəhayət hakimiyyət olimpinə çatması yalnız biliklərə hərtərəfli yiyələnməsinin, dərin səriştənin, peşəkarlığının, fenomenal idarəçilik və təşkilatçılıq bacarığının və gərgin zəhmətinin bəhrəsi olub.

Heydər Əliyevin təhlükəsizlik orqanlarına gəlişi İkinci Dünya müharibəsi və Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının geniş vüsət aldığı dövrə təsadüf edir. Böyük şəxsiyyətin bu dövrdəki fəaliyyətini həmin konteksdə də nəzərdən keçirmək maraqlıdır. Heydər Əliyev 1950-ci ilin 6 iyulunda Leninqraddakı xüsusi məktəbdə təhsilini əla qiymətlərlə başa vurdu. 25 avqust 1950 – ci ildə Dövlət Təhlükəsizlik naziri S.F.Yemelyanovun 443 saylı əmri ilə Heydər Əliyev Naxçıvandakı 5- ci bölmənin rəisi vəzifəsindən azad edildi və Bakıda 2-ci şöbənin 6- cı bölməsinin rəisi vəzifəsinə təyin olundu. 1955-ci ilin ortalarında Heydər Əliyev DTK- nın arxiv uçot şöbəsinə baş əməliyyat müvəkkili göndərildi. Heydər Əliyev fiziki, ruhi, mənəvi qüvvəsinin çiçəkləndiyi dövrə qədəm qoymuşdu və onun potensialı hələ neçə-neçə uğurlu əməliyyatın həyata keçirilməsində əvəz edilməz rol oynayacaqdı. Düz yarım ildən sonra Heydər Əliyev 2- ci şöbənin bölmələrinin birində rəis müavini, sonra rəis vəzifəsində idi. Daha yarım il sonra növbəti vəzifə artımı: O, 2-ci şöbəyə rəis müavini təyin olunur.

1958 – ci ildə 35 yaşında Heydər Əliyev artıq bütün Azərbaycan əks- kəşfiyyatına başçılıq edirdi. İşdə göstərdiyi nümunəvi xidmətlərinə görə dəfələrlə mükafatlandırılan podpolkovnik Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti yanında DTK-nın sədr müavini vəzifəsinə təyin edilir. Bütün bu nailiyyətlərin məntiqi nəticəsi olaraq 31 mart 1965- ci il tarixli 131 saylı əmrlə Heydər Əliyevə polkovnik rütbəsi verilir. Öz əməli fəailiyyəti ilə təhlükəsizlik orqanlarında böyük nüfuz qazanan komitə sədrinin müavini, polkovnik Heydər Əlirzə oğlu Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin 1 fevral 1966- cı il tarixli 33 saylı əmri ilə SSRİ Nazirlər Soveti yanında DTK-nın F.E.Dzerjiniski adına ali məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarına göndərilir.

Heydər Əlirza oğlu Əliyev 21 may 1966 – cı ildə həmin kursu müvəffəqiyyətlə bitrib respublikaya qayıtdıqdan sonra Azərbaycan SSR DTK- nın fəailiyyətində mühüm irəlləyişlər müşahidə olunur. O, əməli fəaliyyətlə nəzəri biliklərin vəhdətinə xüsusi fikir verir. Heydər Əliyevin özünün dediyi kimi artıq əməliyyat işlərindəki 1930- cu illərin səriştəsizliyi və savadsızlığı aradan qaldırılır. Keçirdiyi çoxsaylı əməliyyatlar, topladığı böyük təcrübəsi, yüksək peşəkarlığı və təşkilatçılığı nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 22 iyun 1967- ci il tarixli 27 saylı əmrinə əsasən Heydər Əlirza oğlu Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilir. Təxminən dörd aydan sonra – 1967- ci il oktyabr ayının 30-da 136 nömrəli əmrlə ona general - mayor rütbəsi verilir.

Heydər Əliyev DTK-da rəhbər vəzifələrdə çalışdığı dövrdə Azərbaycanda “əcinnə ovu”na imkan verməyərək neçə-neçə Azərbaycan ziyalısını yersiz təqiblərdən qorudu, milli mənlik şüurunun oyanmasına, milli özünüdərkin yaranmasına rəvac verən ziyalı təşəbbüslərini dolayısı ilə dəstəkləməklə xüsusi xidmət orqanlarını milli mənafelərə tabe edən rəhbər olmağı bacardı.

III bölmə.

Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin birinci dövrü.

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyevin respublika rəhbəri seçilməsi ilə xalqın tarixində keyfiyyətcə yeni mərhələ başladı. Mərkəzi Komitənin bürosu əvvəlcə Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi məsələsini müzakirə edərək bəyəndi və Heydər Əliyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və büro üzvü seçildi.

Heydər Əliyev hakimiyyətə gəlməsi ilə Azərbaycanda partiya, dövlət, təsərrüfat idarəçiliyinə yeni nəfəs, yeni iş metodu, ciddiyyət gətirdi. Əgər XIX əsrin ortalarından 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, 1969-1982-ci illərdə onların sayı 1048-ə çatdırıldı. Bu illərdə sənaye məhsulunun orta illik artımı, 7,9%-ə yüksəldi.

1969-1982-ci illər respublika iqtisadiyyatının, elm-təhsil, mədəniyyət, səhiyyə, rabitə və s. kimi sosial sahələrin ən yüksək inkişaf etdiyi illərdir. Neft ayırma sənayesi yenidən qurulmuş ,elektron,elektrotexnika, cihazqayırma sənayesi zavodları inşa edilmişdir. Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artaraq 13 ildə 101,5 milyard manatlıq məhsul istehsal etmişdir. Xalq istehlakı malları 3 dəfə, əmək məhsuldarlığı 2 dəfədən çox fondverimi 25% yüksəlmişdir. Ümumi gəlir 2 dəfədən çox artmışdır. Pambıq istehsalı 1968-ci ildəki 280 min tondan 600 min tona çatmışdır.

Azərbaycan həyatında əsl hadisəyə çevrilən tədbirlər bir-birini əvəz etdikcə doğma yurdumuz daha da gözəlləşirdi. “Gülüstan”, “Respublika” saraylarının açılışı, görkəmli şəxsiyyətlərə abidələr qoyulması, ticarət mərkəzlərinin, məktəblərin, şahmat evlərinin inşası, tanınmış elm və mədəniyyət xadimlərinin yubileyləri və sairə Azərbaycanda tarixi şəxsiyyətlərin, incəsənət və mədəniyyət xadimlərinin ev muzeylərinin, regionlarda tarix- diyarşunaslıq muzeylərin, məktəblərin, klubların və bir çox mədəniyyət ocaqlarının açılışı məhz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir.

IV bölmə.

Heydər Əliyevin Ağsu rayonuna səfərləri.

Hər bir xalqın tarixində elə böyük şəxsiyyətlər olur ki, onların əməlləri daim yaşayır, adları vətən salnaməsinə silinməz hərflərlə yazılır. Bu, Azərbaycan xalqının ümummilli lideri, XX əsrin ən görkəmli siyasi xadimi, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyev Cənablarıdır.

Azərbaycanın bütün regionlarına diqqət ayıran ümummilli lideri Heydər Əliyev Ağsu rayonunda da dəfələrlə olmuşdur. Ağsu rayonunun sosial- iqtisadi inkişafı keçən əsrin 70- ci illərindən geniş vüsət almışdır. Bu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə əlaqədardır. Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982-ci illər) bütün respublikada olduğu kimi Ağsu rayonunda da xalq təsərrüfatı sahələrinin - xüsusilə şərab və konserv zavodlarının istifadəyə verilməsi, heyvandarlığın kompleks mexanikləşdirilməsi və üzümçülüyün inkişafı sahəsində dövlət tərəfindən maliyyələşən bir çox proqramlar həyata keçirmişdir. Rayonda gedən işlərlə tanış olmaq üçün Heydər Əliyev o vaxt partiya, dövlət və hökumət rəhbərlərinin böyük bir qrupu ilə üç dəfə -1978 -1980-1981-ci illərdə Ağsu rayonunda olmuşdur. Bu səfərlərin hər birinin nəticəsində rayonda böyük sosial-iqtisadi sıçrayışlar, tərəqqi baş vermiş, onlarla sadə əmək adamı, yaxud onların övladları ali təhsil ocaqlarına qəbul edilmişdir.

1980- ci ilin sentyabr ayının 25-i Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi, Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin Ağsu rayonuna ikinci gəlişi idi. Həmin vaxt Ağsuda Ə. Bayramov adına, Nizami adına 26 Bakı Komissarları, M. Ə. Sabir adına təsərrüfatların taxıl, pambıq, üzüm sahələri, yem bitkiləri əkinləri, heyvandarlıq kompleksləri yerləşirdi. Heydər Əliyev təsərrüfat işinin gedişi ilə tanış olur, adi zəhmət adamları ilə görüşüb söhbət edir, onların iş, təhsil, sağlamlıq, ailə vəziyyəti ilə maraqlanırdı.

V bölmə.

Heydər Əliyev SSRİ rəhbərlərindən biri kimi

1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi onun SSRİ-də ən görkəmli siyasi xadim, rəhbər və dövlət başçısı olduğunu göstərdi. 1982-ci ilin sonunda Moskvaya partiya və dövlət hakimiyyətinə yüksək vəzifəyə irəli çəkildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Bununla onun həyatında və fəaliyyətində yeni dövr başlandı. Bütün SSRİ-nin sosial-iqtisadi və mədəni inkişafına rəhbərlik etmək, Sovet hökumətinin iqtisadi inkişaf strategiyasını istiqamətləndirmək, görkəmli siyasi və dövlət xadimi kimi SSRİ-nin xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı münasibətlər yaradılması uğrunda məsuliyyətli və çətin vəzifələrin yerinə yetirilməsi kimi fəaliyyət dövrü başlandı. SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 15 dekabr 1982-ci il tarixli qərarı ilə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyevə: a) SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, Rabitə Nazirliyi, eləcə də, müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı məsələlərinə nəzarət; b) SSRİ Nazirlər Sovetinin Baykal-Amur dəmir yolu tikintisi məsələləri üzrə daimi komissiyasına rəhbərlik həvalə edilir. SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 1983-cü il fevralın 2-də keçirilən iclasında isə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə Ümumittifaq Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki-Peşə Təhsili Komitəsi, Dövlət Teleradio Verilişləri Komitəsi, Dövlət Kinematoqrafiya Komitəsi, Dövlət Nəşriyyatı, İdman Komitəsi, SİTA, Dövlət Arxiv və Müəlliflik Hüququ Agentliyi üzrə məsələlərin baxılması tapşırılır.

Heydər Əliyevin göstərişləri nəinki həmin dövr üçün, bütün zamanlarda hər bir şəxs üçün iş qaydası, fəaliyyət proqramı oldu. Azərbaycanın böyük oğlunun bütün İttifaqdakı fəaliyyəti, qarşıya qoyduğu vəzifələr o dövrün tələblərinə cavab verirdi və bütün ölkədə duran tarixi əhəmiyyətli perspektiv proqram idi.

Heydər Əliyevin SSRİ nin rəhbərlərindən biri kimi (1982-1987-ci illər) işlədiyi dövr humanist, sülhsevər siyasətin təbliğ edilməsi və həyata keçirilməsində, bəşər sivilizasiyasının bərqərar olması, cəmiyyətin gələcək taleyi naminə xidmətləri danılmazdır.

VI bölmə.

Heydər Əliyevin Moskva şəhərində yaşadığı illər.

Görkəmli dövlət xadimi kimi Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev velikorus şovinizmi və böyük dövlətçilik psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu rejimin yaratdığı təqiblər və ayrı-seçkilik sisteminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir.

Tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində bütün SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün Sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Odur ki, səriştəsiz və bacarıqsız Kreml rəhbərləri, xüsusilə M.Qorbaçov Heydər Əliyevi özlərinə ciddi rəqib hesab edirdilər. Belə bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi.

Xalqımızın böyük oğlu o zaman, həm də, Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. Elə buna görə də, hələ Stavropoldan başlayaraq erməni mafiyasının əlində itaətkar alət olan M.Qorbaçov, nəhayət, öz fitnəkar niyyətinə nail ola bildi: xalqımızın dahi oğlu SSRİ-yə rəhbərlikdən uzaqlaşdırıldı. Bu, əslində bütün sovet hakimiyyəti illəri ərzində xalqımıza vurulan ən ağır zərbə idi. Təsadüfi deyil ki, bundan dərhal sonra M.Qorbaçov tərəfindən himayə olunan erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan qoparıb almaq üçün fəal mübarizəyə başladılar. Dahi şəxsiyyətimiz bu dövrdə həm öndən - Moskvadan, həm də arxadan Azərbaycandakı dönüklərdən vurulan ağır zərbələrə məruz qaldı.

1987-1990-cı illər M.Qorbaçovun başçılıq etdiyi Kreml rejiminin xalqımızın böyük oğluna qarşı həyata keçirdiyi ağır təqib illəridir.

Ömrünün bütün dövrlərində olduğu kimi, Heydər Əliyev həmin illərdə də doğma xalqı üçün yaşamış, nəhəng Sovet dövlətinin dağılmaqda olduğu şəraitdə öz Vətəni üçün çıxış yolları axtarmış, özünün zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhətləri ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etmişdir. Lakin o zaman Azərbaycana başçılıq edən səriştəsiz rəhbərlərin Moskva qarşısındakı mütiliyi və xəyanətkar siyasəti nəticəsində Azərbaycan xalqı bu dövrdə öz böyük oğlunun zəka potensialından məhrum edilmişdi.

Qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə ilk etiraz səsini ucaldan isə məhz ulu öndər Heydər Əliyev oldu. Hadisənin ertəsi günü Moskvada Azərbaycanın Daimi nümayəndəliyə gələn xalqımızız dahi oğlu bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı onun törədilməsi səbəblərini da açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Müxtəlif tarixi dövlərdə Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı dəfələrlə qan içərisində boğmuş düşmənlərimizin, onların bitib- tükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirə bildi.

VII bölmə.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında fəaliyyəti dövrü.

1990-1993-cü illər ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə sürükləndiyi - Azərbaycanın təkləndiyi bir vaxtda xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan adlı parçalanmış, qan içində üzən, 20 Yanvar faciəsinin məhrumiyyətindən özünə gəlməyə macal tapmayan, erməni yaraqlılarının hərbi müdaxiləsi, daxildə isə satqın rəhbərlərin xəyanəti ilə üzləşən yarımcan bədənə mənəvi ruh, bütövlük və tamamlıq gətirdi. Lakin bu da taleyin işidir ki, xilaskarlıq missiyası Azərbaycanın paytaxtından yox, ucqar regiondan – Naxçıvandan başlandı.

Moskvadan Naxçıvana qayıdışı o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdışı idi; böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi.

1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası tələbkar və olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan “taleyin ümidinə buraxılmış tənha bir ada”nı (H.Əliyev) xatırladırdı.

Tale Heydər Əliyevi bu regiona göndərməklə Naxçıvanı, onu gözləyən bəlalardan, işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərğaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda abidə ucaltdı. Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanması şərti ilə ilk dəfə olaraq bu torpağı tərk etdilər; ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü kimi qeyd olunması, Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günün təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul olundu.

Bu dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılırdı. Qısa müddətdə Araz çayı üzərində «Ümid» körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Naxçıvan şəhəri yaxınlığında İstilik - Elektrik Stansiyası tikildi, Türkiyədən və İrandan Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkildi. 1990 - 1993-cü illərin Naxçıvanının siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əhalidə əmin - amanlıq yaranmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdır. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalqla işləməyi bacarmaq nümunəsidir. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir. Həmin missiya bu gün də böyük uzaqgörənliklə və müdrikliklə davam etdirilir.

VIII bölmə.

Qayıdış. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin ikinci dövrü.

1993-cü ildə Azərbaycan xalqını rəzalətdən və qardaş qırğınından, Azərbaycan dövlətini iflas və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev 10 il sonra bizə möhkəm özüllü, istiqrarlı, sabit inkişafı təmin edilmiş bir dövlət qoyub getdi.

"Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm" - Heydər Əliyev hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək bu sözlərə sadiq qaldı.

1993-cü ildən sonrakı 10 ilə qısaca nəzər salsaq, bu illərin Azərbaycan xalqı və dövləti üçün həqiqətən böyük imtahan, sınaq epoxası olduğunu, ən əsası isə xalqımızın və dövlətimizin bu sınaqdan uğurla çıxdığını yəqin edə bilərik:

1994 – cü il mayın 12-də Ermənistan-Azərbaycan cəbhəsində ağır və üzücü müharibə dayandırıldı. Azərbaycan dövləti sütunlarını möhkəmləndirmək imkanı qazandı. Atəşkəsin ilk müsbət nəticəsi özünü gözlətmədi.

Sentyabrın 20-də Azərbaycanda təkcə neft sahəsinin deyil, bütövlükdə iqtisadi dirçəlişin təməlini qoyan ilk meqalayihə - "Əsrin müqaviləsi" imzalandı. Bu saziş Azərbaycanın milli neft strategiyasının başlanğıcı oldu.

1995 – ci il. Bu ili müstəqil Azərbaycan dövlətinin tarixinə sözün gerçək mənasında dövlət quruculuğu və fundamental islahatların başlanğıcı kimi səciyyələndirmək olar. Ölkə hüquqi dövlətçilik, konstitusion və demokratik inkişaf yoluna çıxdı. Həmin il noyabrın 12-də müstəqil Azərbaycanın yeni Konstitusiyası ümümxalq səsverməsi ilə qəbul edildi, Milli Məclisə ilk seçkilər keçirildi. Ölkədə maliyyə-iqtisadi sabitliyi yarandı, inflyasiya prosesi tamamilə tənzimləndi.

1996 – cı il. Azərbaycanda dövlət quruculuğu və iqtisadi islahatlar prosesi dönməz xarakter aldı. İyunda Azərbaycanın əhəmiyyətinə görə ikinci böyük enerji layihəsi - "Şahdəniz" müqaviləsi imzalandı. 90-cı illərin əvvəlindən başlanan iqtisadi geriləmə və təsərüfat sahələrindəki tənəzzülün qarşısı alındı, ilk müsbət iqtisadi göstəricilər qeydə alınmağa başlandı.

1997 – ci il. Azərbaycanda genişmiqyaslı iqtisadi inkişaf başlandı - özəlləşdirmə və aqrar islahatlara start verildi. Kəndli torpağın sahibinə çevrildi, illərlə qapısı bağlı olan sənaye müəssisələrinə sərmayə işığı yandırıldı. Ölkənin dünya iqtisadi sisteminə inteqrasiyası başlandı.

Oktyabr ayında "Əsrin müqaviləsi" çərçivəsində ilk neft çıxarıldı, bir ay sonra isə Azərbaycan neftini dünya bazarına daşıyan "Şimal kəməri" (Bakı - Novorossiysk) işə düşdü. Prezident Heydər Əliyev Azərbaycanın neft strategiyasının başlıca konturunu - Bakı-Tbilisi-Ceyhan kəmərinin tikiləcəyini rəsmən bəyan etdi.

1998 – ci il. Aprel ayında "Qərb kəməri" (Bakı-Supsa) işə düşdü. Azərbaycanın xarici şirkətlərlə imzaladığı neft müqavilələrinin sayı 20-yə çatdı. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması, dövlətin siyasi-hüquq sisteminin Avropa standartlarına uyğunlaşdırılması yönündə mühüm addımlar atıldı.

Oktyabrda növbəti prezident seçkiləri keçirildi, ölkə əhalisinin böyük əksəriyyəti Heydər Əliyev siyasətinə, sabit və rifahlı dövlətçilik kursuna dəstək verdi.

1999 – cu il. Heydər Əliyevin uzaq perspektivə hesablanmış uğurlu xarici siyasəti sayəsində ölkəmiz Şərq-Qərb münasibətlərinin təmas nöqtəsinə, "Böyük İpək Yolu"nun dirçəliş mərkəzinə çevrildi.

Noyabrda Xəzər-Cənubi Qafqaz-Aralıq dənizi məkanında ən iri geoiqtisadi layihənin - Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi barədə böyük saziş imzalandı. Dekabrda Azərbaycan tarixində ilk bələdiyyə seçkiləri keçirildi, ölkədə dünya təcrübəsinə əsaslanan yerli özünüidarə sisteminin təməli qoyuldu.

2000 – ci il. Azərbaycan prezidentinin apardığı məqsədyönlü xarici siyasət bəhrəsini verdi. İyun ayında Azərbaycan Avropa Şurasına rəsmi dəvət aldı. Ölkədə həm siyasi-hüquqi, həm də sosial-iqtisadi sahədə islahatların yeni mərhələsi başlandı.

Demokratik dünya standartlarına uyğun yeni məhkəmə sistemi yaradıldı, ölkənin qeyri-neft sektorunda böyük canlanma yarandı, xarici sərmayələrin iştirakı ilə böyük müəssisələr işə düşdü. Noyabrda ikinci çağırış Milli Məclisə seçkilər keçirildi.

2001 – ci il. Yanvarın 25-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Avropa Şurasında təmsilçilik Azərbaycanın beynəlxalq-diplomatik fəaliyyət imkanlarını genişləndirdi, ölkəmiz beynəlxalq miqyasda Qarabağ münaqişəsinə obyektiv münasibəti təmin etmək, Ermənistanın işğalçılıq siyasətini ifşa etmək üçün yeni müstəvi əldə etdi.

Sosial-iqtisadi sahədə inkişaf göstəriciləri daha da artdı, bu inkişafın gələcək təminatı olacaq Dövlət Neft Fondu fəaliyyətə başladı. Neft Fondunun ilk vəsaitləri hesabına məcburi köçkünlərin həyat şəraiti qismən yaxşılaşdırıldı, əmək haqqı, təqaüd və müavinətlər artırıldı.

2002 – ci il. Azərbaycan ABŞ və Rusiya kimi iki dünya nəhənginin tammənalı strateji tərəfdaşına çevrildi. Prezident Heydər Əliyevin Rusiyaya səfərləri zamanı (yanvar, iyun, sentyabr) iki ölkə arasında mühüm razılaşmalar - Qəbələ RLS-in statusu, Xəzərin dibinin bölünməsinə dair sazişlər imzalandı.

Heydər Əliyevin neft strategiyasının növbəti uğurunu yaşadıq - sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli təməlatma mərasimi keçirildi.

2003 – cü il. Heydər Əliyev prezidentliyinin 10-cu ilində Azərbaycan dövlətçiliyini rəvan və perspektivi aydın görünən inkişaf magistralına çıxardı. Ölkənin gələcək idarəçiliyini siyasi varisinə - özü qədər inandığı gənc liderə təhvil verdi. Azərbaycan xalqı böyük öndərin tarixi seçiminə dəstək verdi: 2003-cü ilin 15 oktyabr seçkiləri nəticə etibarilə Heydər Əliyev siyasətini Azərbaycanın dövlətçilik fəlsəfəsi kimi birmənalı şəkildə təsdiqlədi.

2003-cü ilin 12 dekabrında Azərbaycan xalqı Heydər Əliyevi itirdi. Amma Heydər Əliyev yolu, Heydər Əliyevin ideyaları, onun təməlini qoyduğu dövlətçilik xətti və inkişaf strategiyası davam edir və yaşayır. Azərbaycan dövləti və xalqı bu yolun davamında ötən hər ili yeni uğurlarla başa vuracaq.