Qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafına dair treninq keçirilib

Qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafına dair treninq keçirilib

“Qadın və Müasir Dünya” Mərkəzi iyulun 10-da Ağsu rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılan “Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramı” çərçivəsində birgünlük treninq keçirib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Qadın və Müasir Dünya” Mərkəzinin direktoru Südabə Şirəliyeva layihənin Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarını əhatə edəcəyini deyib. Bildirib ki, 4 ay ərzində həyata keçiriləcək layihə regionlarda yaşayan qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı sahəsində bilik və bacarıqların artırılmasını, yeni iş yerlərinin açılması üçün treninq proqramının təşkilini nəzərdə tutur.
Bildirib ki, hazırda kənd yerlərində yaşayan qadınların iqtisadi-sosial həyatda daha fəal iştirakı vacib məsələlərdən biridir. Ölkəmizdə əhalinin dörddəbirini təşkil edən kənd qadınlarının sosial-iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. Bu layihə kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqini gücləndirmək, kənd qadınlarının ictimai həyatda aktivləşməsi məqsədini güdür: “Bu gün kənd qadınları çox aktivdirlər. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapmaları üçün bilik və bacarıqları artırılmalıdır. Regionlarda yaşayan və kiçik sahibkarlıqla məşğul olmaq istəyən qadınların, gənc xanımların və eləcə də məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək vermək bizim də bir qeyri-hökumət təşkilatı olaraq borcumuzdur”.
Tədbirdə müxtəlif mövzularda çıxışlar olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb