Gənclər Günü

Fevralın 1-də Ağsu rayon Heydər Əliyev Mərkəzində 2 Fevral - Gənclər Günü qeyd olunub.
Gənclər əvvəlcə Heydər parkında müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə qərənfillər düzüblər. Sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub. Burada onlara Ümummilli Liderimizin həyat və fəaliyyəti ilə bağlı fotoşəkillər və sənədlər barədə ətraflı məlumat verilib. İştirakçılar, habelə mərkəzin foyesində nümayiş etdirilən gənclərin əl işlərindən ibarət rəsm sərgisinə baxıblar.
Gənclər Günü münasibətilə keçirilən təntənəli yığıncağı rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva açaraq dövlət - gənclər siyasətindən, Azərbaycanın inkişafında gənclərin fəal rolundan danışıb.

Rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Firəngiz Məmmədovanın məruzəsində, eləcə də digər çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı Azərbaycan gənclərinin nəinki ölkədə, xaricdə də böyük nüfuz qazanmalarına səbəb olub. Ordu sıralarında, təhsil, idman və digər sahələrdə gənclərimiz yüksək nailiyyətlər qazanırlar.

Məruzə və çıxışlarda ağsulu gənclərin də rayon həyatındakı fəal rolundan, mədəni-kütləvi tədbirlərdə, idman sahəsində əldə etdikləri uğurlardan danışılıb. Bildirilib ki, gənclərimiz bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklər.


Sonda bir qrup fəal gəncə fəxri fərman və hədiyyələr verilib.