Rayon haqqında məlumat

Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir. Rayonun mərkəzi olan Ağsu şəhəri isə 1967-ci ilə qədər şəhər tipli qəsəbə, həmin ildə isə şəhər statusu almışdır. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir.

Ərazisi 1020 kvadrat kilometr, əhalisi 79232 (01 yanvar 2018-ci il tarixə) nəfərdir. Rayonda 1 şəhər (Ağsu şəhəri), 79 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 31 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlayir, Padar, Ərəbuşağı və Qaraqoyunludur. Əhalinin ümumi sayının 50,2 %-ni kişilər, 49,8 %-ni qadınlar təşkil edir. Əhalinin 99,0 %-i azərbaycanlılardan, 1,1 %-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 27,5 %-i şəhərdə, 72,5 %-i kənd yerlərində yaşayır. Rayonda 1795 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və işğal olunmuş rayonlarımızdan gələn soydaşlarımızdır. Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. 16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır. Rayonun ərazisindən 2 çay- Girdiman, Ağsuçay və onların qolları - Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və Cavanşir gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir.

Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 76,0 %-ni və ya 77854 hektarını kənd təsərrüfaına yararlı torpaqlar, bundan 46,6 %-ni və ya 36247 hektarını əkin yeri təşkil edir.

Rayonda 69 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 2 xəstəxana - rayon Mərkəzi xəstəxanası və Kalva kənd sahə xəstəxanası, 15 həkim və 19 tibb məntəqəsində əhaliyə səhiyyə xidməti göstərir.

Rayonda Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, uşaq musiqi məktəbi, şəhər mədəniyyət evi, rayon mədəniyyət mərkəzi, 2-si diyarşünaslıq, 1-i folklor, 1-i isə sənətkarliq evi olmaqla 6 kənd mədəniyyət evi, 11 kənd klubu və 32 kitabxana fəaliyyət göstərir. Əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə Heydər Parkı və Heydər Əliyev Seyrəngahı salınmış, şəhər mədəniyyət və istirahət parkı əsaslı təmir olunmuşdur.

3000 yerlik Ağsu rayon stadionu tikilib istifadəyə verilmişdir. Rayonda ilk dəfə 1954-cü ildə "Yeni həyat", 1961-ci ildə rayonlararası "İrəli" və 1966-cı ildə isə "Birlik" qəzetləri nəşr edilmişdir. Hazırda rayonda Ağsu rayon İcra Hakimiyyətinin orqanı olan "Ağsu" qəzeti buraxılır. Qəzet 13 yanvar 2003 - cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Rayon ərazisindən 55 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir. Ağsuda 19 siyasi partiyanın rayon təşkilatı və 17 ictimai-siyasi təşkilatın (o cümlədən 4 qeyri-hökumət təşkilatının) rayon şöbəsi fəaliyyət göstərir.

Tarixi abidələr

Ağsu rayonunun ərazisi tarixi abidələrlə zəngindir. Rayonda 11-i ölkə və 13-ü isə yerli əhəmiyyətli olmaqla, 24 tarixi mədəniyyət abidəsi vardır.Bu abidələr arxeoloji cəhətdən böyük bir dövrü – eneolit dövründən başlayaraq orta əsrlərin sonunadək olan geniş bir tarixi mərhələni əhatə edir.

Ağsu rayonunda 7 km cənubda, Ağsu rayonunun Ülgüc kəndi yaxınlığında qeydə alınmış və kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmiş Xarabaşəhər şəhərgahının düzbucaqlı plan quruluşu vardır. Sahəsi 34 hektar olan bu şəhər yeri eni 20-25 m, dərinliyi 7-8 m olan müdafiə xəndəyi və 2400 m məsafədə izlənən qala divarları ilə əhatə olunmuşdur. Cənub tərəfdə xəndəyin eni 40 m-ə çatır. Şəhərgahın cənub-şərq və cənub-qərb künclərində hər birinin diametri təqribən 20 m, hündürlüyü 10 m olan iki süni təpə yerləşir.Həmin təpələrin şəhər istehkamları ilə bağlı olması ehtimal edilir. Şəhər yerində mikrorelyef pozulmadığından onun ərazisində müxtəlif təyinatlı tikililərin və istehsalat ocaqlarının qalıqları izlənilir. Abidənin mərkəz hissəsində uzunluğu 48 m, eni 15 m, dərinliyi 8-10 m olan və yerli əhali tərəfindən "hamam yeri" adlandırılan çökəklik vardır. Abidənin ərazisində yonulmuş daşlara və bişmiş kərpic nümunələrinə rast gəlinməsi şəhər memarlığında başlıca olaraq inşaat materialı kimi yonulmuş daş və bişmiş kərpicdən istifadə edildiyinə dəlalət edir. İstehsal tullantıları və ərazinin vizual müşahidələri şəhər yerinin şimal-şərq hissəsində dulusçular məhəlləsinin yerləşdiyini ehtimal etməyə imkan verir. Mədəni təbəqənin xarakterini müəyyənləşdirmək üçün abidənin şimal-qərbində 10 kv.m sahədə yoxlama qazıntısı aparılmış, mədəni təbəqə yatımı 1,4 m dərinliyə qədər izlənilmişdir. Qazıntı nəticəsində səliqə ilə yonulmuş çaydaşından adi palçıqla hörülmüş tikili qalığı və quyu aşkarlanıb təmizlənmişdir. Tikilinin bünövrəsi və divar hörgüsünün yalnız dörd cərgəsi salamat qalmışdı. Döşəmə torpaqdan idi. Yoxlama qazıntılarından əldə edilən və abidənin ərazisindən toplanan yerüstü arxeoloji materiallar şirsiz və şirli saxsı, fayans və çini qab qırıqlarından, XV-XVIII əsrlərdə zərb olunmuş sikkələrdən ibarətdir. Ağsu rayonundakı Xarabaşəhər abidəsində aparılmış kəşfiyyat xarakterli ilkin tədqiqatların yekunları orada XVII-XVIII əsrlərdə gur şəhər həyatının olduğunu göstərir.