Ermənistan təcavüzünün nəticələri

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. XX əsrin sonlarına yaxın keçmiş SSRİ məkanında gedən ictimai-siyasi proseslər Sovet imperiyasının subyektləri olan bəzi respublikalarda münaqişələrlə müşayiət olundu. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan torpaq iddiası yüzlərlə yaşayış məntəqəsinin xarabazarlığa çevrilməsi, minlərlə insanın həlak olması, 1 milyona qədər dinc əhalinin öz ev-eşiyindən didərgin düşməsi ilə nəticələndi. Erməni təcavüzü nəticəsində Ağstafa rayonu 163 nəfər şəhid vermişdir.

Adil Tatarov-2018-ci il 20 may tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən,döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuşdur. Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olub. Adil Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə "Şücaətə görə" medalı ilə təltif olunmuşdur.

Ağstafa rayonunun beş Milli Qəhrəmanı vardır:

Ağstafa rayonunun milli qəhrəmanları

1. Alıcanov Rafiq Cəfər oğlu. 11 iyul, 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır.1988-ci ildə o Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərir.O bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

2. Həsənov İlham Gülbala oğlu. 6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində anadan olmuşdur. 1993-cü ildə məktəbi bitirdikdən sonra, zabit olmaq arzusu ilə sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə verir, bura daxil ola bilməyən İlham ruhdan düşmür Bakı Yüngül Sənaye Texnikumuna daxil olur. 1994-cü ildə Milli Orduya çağırılır. Bakıdakı hərbi hissələrin birində xidmətə başlayır. Hərbi təlim yarım il çəkir sonra isə cəbhə... İlham cəbhədə təzəcə əməliyatlara qoşulmağa başlamışdı ki, mart hadisələri baş verdi.Öz Dövlətinə, Rəhbərinə, Xalqına xidmət edən İlham Həsənov mart hadisələri zamanı dəstənin zərərsizləşdirilməsində canından keçən neçə-neçə vətən oğullarından biri oldu.

3. Qədiməliyev Arif Massiv oğlu. 13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmiş və sovxozda işləmişdir. 1993-cü ildə Ağstafa rayonundan Milli Ordu sıralarına çağırılmışdır. 1994-cü ildə 18 yanvar tarixdə cəbhəyə göndərilmişdir. O, ilk döyüşlərinə kəşfiyyatçı kimi başlamışdır. Arif "N" saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə yaxından iştirak edir, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmət və təşəkkürlərini qazanır. 1995-ci ilin 13-17 mart hadisələri zamanı o dövlətçiliyimiz uğrunda canından keçdi.

4. Qurbanov Novruz Əliyullah oğlu. 1975-ci il 2 iyun tarixdə Ağstafa rayonunun Yuxarı Göycəli kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. "N" saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda döyüşən gənc əsgər Novruz Qurbanov qəhrəmancasına həlak oldu.

5. Babayev Əjdər Xalıqverdi oğlu. 1950-ci il 26 avqust Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafanın Xətai kəndinə köçmüşdür. 1958-ci ildə burada məktəbə gedir və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır. Ordudan tərxis olunan Əjdər Bakı şəhərinin Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü.1985-ci ildən Ağstafa rayon polis şöbəsində xidmətini davam etdirir. 1995-ci il... 13-17 mart hadisələri... Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi. Vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu.