Qubadlı rayonunun işğalından 27 il ötür.

Qubadlı rayonunun işğalından 27 il ötür.

Qubadlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 14 mart 1933-cü ildə yaradılmışdır. İnzibati mərkəzi Qubadlı şəhəridir.

İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə, 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır.

Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı.

Versiyalardan birinə görə, Qubadlı toponimi V-VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır.

Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.

Azərbaycan xalqının tarixi tarixi faciəsi kimi yaşanan 1921-ci ildə rus-erməni, eləcə də daşnak-bolşevik ittifaqının məntiqi nəticəsi olaraq, imperiya mahalı iki yerə bölmüşdür. Qubadlı, Laçın və Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycan Respublikasının inzibati ərazisində qalmışdır. Çox keçmədən bu cür bölgü erməni-rus cütlüyünü tam təmin etmədiyindən gələcəkdə həmin rayonları da Ermənistan ərazilərinə qatmaq məqsədilə Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Azərbaycan Respublikasının tərkibində "Qırmızı Kürdüstan" adında muxtariyyət təşkil olunmuşdur. Bununla yanaşı, hər üç rayon ərazi vahidi kimi öz statuslarını saxlamışdır. Bu muxtariyyətə qarşı qubadlılar sözün həqiqi mənasında əsl mübarizə aparmışlar. Bir neçə ildən sonra Qarabağın Ermənistana verilməməsi, Azərbaycan Respublikasının tərkibində və tabeçiliyində saxlanılması məsələsi həll olunandan sonra "Qırmızı Kürdüstan" muxtariyyəti öz əhəmiyyətini itirdi.

Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.

Rayon ərazisi 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.