Ağcabədi rayon Heydər Əliyev Mərkəzi Ağcabədi rayon İcra Hakimiyyətinin ön tərəfində özünəməxsus xüsusi bir layihə ilə inşa edilmişdir. Mərkəzin önündəki Heydər Əliyev meydanında Azərbaycan xalqının Ümummilli lideri Ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucalır.

Mərkəz 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün sinif otaqları yerləşir ki, bu otaqlarda rəsm, tikiş, xalçaçılıq,rəqs,maraqlar üzrə əl işləri,toxuculuq,həvəskar aktyorluq və bədii qiraət kursları fəaliyyət göstərir və Heydər Əliyev siyasi kursu tədris olunur.2-ci mərtəbədə isə direktor otağı,inzibati otaq,kompüter otağı və konfrans zalı yerləşir. 3-cü mərtəbə isə 2 ekspozisiya zalından ibarətdir.Ekspozisiya zallarında 8 lövhə və 6 vitrin var. Hər lövhədə Ulu öndərə məxsus sözlər və ona aid foto görüntülər yerləşdirilmişdir. Vitrinlərdə isə Heydər Əliyevə həsr olunmuş kitablar yerləşdirilmişdir.

“Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmişdir.”

Birinci lövhədə Heydər Əliyevin uşaqlıq və gənclik illərini əks etdirən fotolar yerləşdirilmişdir. Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın qədim və zəngin diyarlarından biri olan Naxçıvan Muxtar Respublikasında anadan olub. Çoxuşaqlı ailədə doğulan Heydər Əliyev ailədə 8 övladdan dördüncüsü olub. Atası Əlirza Əliyev dəmiryol işçisi, anası İzzət xanım isə evdar qadın idi. O, uşaqlıq və gənclik illərini Naxçıvan şəhəri Puşkin küçəsində keçirib.Yaşıdlarının xatırladığına görə Heydər Əliyev yaxşı şəkillər çəkər,məktəb tamaşalarını tərtib edər,teatırı sevərdi.1937-39-cu illərdə Naxçıvan Pedoqoji texnikumunda təhsil almış,həmin illərdə Puşkinin əsərlərinə illüstrasiyalar çəkmiş və 1-ci yerə layiq görülmüşdü.Azərbaycan Sənaye İnstutunun (hal-hazırki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakultəsində təhsil almışdır.Ancaq başlanan müharibə ona təhsilini davam etdirməyə imkan vermir və Heydər Əliyev 1941-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmişdir. Daha sonra, 1944-cü ildə Təhlükəsizlik orqanlarında işə göndərilmiş və leytenant rütbəsi verilmişdir. Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən bir hissəsi Milli Təhlükəsizlik orqanları ilə bağlıdır. Burada həmin dövrə aid foto görüntülər yerləşdirilmişdir. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil almışdır. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (hal-hazırki Bakı Dövlət Universiteti) tarix fakultəsini bitirmişdir.

Ekspozisiya zalının birinci vitrinində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 3 dildə Azərbaycan, Rus və İngilis dillərində yazılmış kitablar yerləşir.Həmçinin, vitrində Heydər Əliyevin 1938-ci ildə Naxçıvanda orta məktəbi əla qiymətlərlə bitirdiyinə dair atestatın, Leninqradda xüsusi təhsili əla qiymətlərlə bitirdiyinə dair verilmiş şəhadətnamənin və Azərbaycan Dövlət Universitetini bitirdiyinə dair verilmiş diplomun surətləri var.

“Azərbaycanın bu gün müstəqil yaşaması üçün sovet dövrü böyük əsas yaratmışdır.”

Ekspozisiya zalının ikinci lövhəsində Heydər Əliyevin Azərbaycana ilk rəhbərlik etdiyi dövrdən bəhs edən foto görüntülər yerləşdirilmişdir. 1969-cu il 14 iyul tarixində Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Azərbaycana rəhbərlik etməyə başlayan Ulu öndər iqtisadiyyatın, sənayenin inkişafına xüsusi önəm vermişdir. 14 ilə yaxın bu dövrdə Heydər Əliyev Azərbaycanın iqtisadiyyatında çox böyük irəlləyişlər yaratmışdır. Məsələn, paytaxtda metro stansiyaları açılmış, “Ulduz” metro stansiyasında çəkilmiş foto şəkil, Yaşıllıq zonaları salınmış, yüzlərlə fabrik zavodlar tikilmiş, “Bakı fəhləsi” maşınqayırma zavodunda çəkilmiş foto şəkil. Heydər Əliyev tək paytaxtda deyil, bütün bölgələrdə quruculuq işləri aparmışdır. Məsələn, Gəncə xalça-mahud kombinatı, Mingəçevir Su Elektirik Stansiyası, Naxçıvanda Trikotaj fabriki, Tərtərçay su anbarının açılışı və s.

Ekspozisiya zalının ikinci vitrinində isə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən Azərbaycan, İngilis və Rus dillərində yazılmış kitablar və Baykal-Amur Magistral Dəmiryolunun ilk sərnişini və hərəkət edən qatarların fəxri sərnişi biletlərinin surətləri yerləşdirilmişdir.

“Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər səhifəsinə hörmətlə, ehtiramla yanaşaq.”

Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən bir hissəsi Moskva ilə bağlıdır. Üçüncü lövhədə isə həmin dövrə aid foto görüntülər yerləşdirilmişdir. 1982-ci ildə Heydər Əliyev Sovet Sosialist Respublikalar İttifaqı Nazirlər Sovetinin 1-ci müavini vəzifəsində işləyərkən nəqliyyat, sənaye, mədəniyyət və təhsil sahələrinə rəhbərlik etmişdir. Növbəti foto Baykal-Amur Magistral Dəmiryolunun tikintisindən çəkilmiş fotodur. Baykal-Amur Magistral Dəmiryol xəttinin tikintisi 1975-ci ildə başlanmış və 10 il ərzində tikintisi yekunlaşmalı idi. Lakin dəmiryolunun tikintisi çox ləng gedirdi. Heydər Əliyev Kremldə işləyən zaman başqa sahələrlə yanaşı, bu sahə də Heydər Əliyevə tapşırılmışdır. O, 10 gün orada qalmış, fəhlələrlə dəmiryolunun tikintisində iştirak etmişdir. Buna görə də nəticə uğurlu alınmış və tikinti vaxtından bir il əvvəl, 1984-cü ildə uğurla başa çatmışdır. Buna görə də Heydər Əliyevə Baykal-Amur Magistralının ilk fəxri sərnişin bileti və rəmzi olaraq qızıl açar təqdim olunmuşdur. Növbəti fotoda Ulu öndərin fəaliyyətinin Moskva dövrünə aid Kremldəki kabinetində, Sovet Sosialist Respublikalar İttifaqının Tibb Akademiyasının təntənəli iclasının rəyasət heyətində, Baykal-Amur Magistralının qurucuları ilə, Yaponiya parlamentinin üzvləri ilə, dəmiryol işçiləri ilə, Rusiya zəhmətkeşləri və azərbaycanlı tələbələrlə görüşlərindən fotolar yerləşdirilmişdir.

“Doğma vətən torpağına vətəndaşlıq borcumu yerinə yetirməyə gəlmişəm.”

Ekspozisiya zalının dördüncü lövhəsində isə Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən bəhs edən foto görüntülər vardır. SSRi Nazirlər Sovetinin 1-ci müavini vəzifəsindən istefa verdikdən sonra müxtəlif təzyiqlərə məruz qalan Ulu öndər Bakıya qayıtmış, lakin həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslər onun siyasi nüfuzundan qorxaraq, Bakıya gəlməsinə imkan verməmişlər və buna görə də Heydər Əliyev 1990-cı ildə doğulduğu Naxçıvan Muxtar Respublikasına getmişdir. Bir müddət Naxçıvanda yaşayan Heydər Əliyev 1991-ci il sentyabrın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilmişdir. Naxçıvan o zaman blokada vəziyyətində idi. Heydər Əliyevin sayəsində Naxçıvan blokada vəziyyətindən çıxarılır, Türkiyə və İranla iqtisadi əlaqələr yaradılır. Bununla da Heydər Əliyev Naxçıvan aeroportunun ilk xəttinin və Naxçıvanla Türkiyə arasında “Ümid körpüsü”nün açılmasına nail oldu. 1991-1993-cü illərdə Azərbaycan təlatüm içindəydi, ölkədə xaos və anarxiya hökm sürürdü. Hakimiyyətdə olanlar ölkəni idarə edə bilmirdilər. Ölkə dağılmaq üzrə idi.Belə bir vaxtda xalqın təkidli tələbi ilə 09 iyun 1993-cü ildə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi, qardaş qırğınının və vətəndaş müharibəsinin qarşısını aldı. 15 iyun 1993-cü il tarixində Milli Məclisin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş günü kimi daxil oldu. Həmin ilin oktyabr ayında prezident seçkisində Heydər Əliyev xalqın tam dəstəyini qazanaraq, müstəqil Azərbaycan Respublikasının prezidenti seçildi və oktyabrın 10-da andiçmə mərasimi keçirildi. Heydər Əliyev cəbhə bölgəsində atəşkəsə nail oldu, ölkəni xaosdan xilas etdi, iqtisadiyyatda dirçəlmə başlandı.

Ekspozisiya zalının üçüncü vitrinində Ulu öndərin həyat və fəaliyyəti haqqında Nikolay Zenkoviçin “Heydər Əliyev”, Vaqif Abdullayevin “30 il quruculuq yollarında”, Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev siyasəti” və s. Kitablar yerləşdirilmişdir.

“Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq.”

Beşinci lövhədə isə Heydər Əliyevin prezidentlik dövründən bəhs edən foto şəkillər yerləşdirilmişdir. Heydər Əliyev prezident seçildikdən sonra Azərbacanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasına nail oldu və beləliklə, 1994-cü il may ayın 12-də Qırğızıstanın Bişkek şəhərində Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalanmışdır.

Bundan sonra, Heydər Əliyev Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi sahəsində bir çox addımlar atdı. Məsələn, 1994-cü ilin sentyabrın 20-də Bakıda yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" imzalandı. “Əsrin müqaviləsi” Heydər Əliyevin müstəqil neft strategiyası idi.

Yeni ELOY AVT-2 qurğusunun açılışında çəkilmiş foto şəkil, Bakı Elektrik Maşınqayırma zavodunda çəkilmiş foto, 1997-ci ildə Madrid sammiti, Hərbi Təyyarəçillər məktəbinin ilk buraxılış mərasimində çəkilmiş foto şəkil. Əsrin müqaviləsi çərçivəsində ilk neftin Çıraq-1 platformasından hasil olunması mərasimi və Şəhidlər Xiyabanında ucaldılmış abidənin açılış mərasimindən çəkilmiş foto şəkil. Onu da qeyd edək ki, bu abidənin müəllifi Heydər Əliyevdir. Çünki, Heydər Əliyevin gözəl memarlıq qabiliyyəti vardı. Uşaqlıqdan onun ən böyük arzusu memar olmaq idi. 1939-cu ildə Heydər Əliyev Azərbaycan Sənaye İnstitutunun memarlıq fakultəsinə daxil olur. Lakin, İkinci Dünya Müharibəsi başlandıqdan sonra Heydər Əliyev təhsilini yarımçıq qoymalı oldu. O, Naxçıvana gedir və gənc olmasına baxmayaraq, məsul vəzifələrdə çalışır.

Azərbaycan Milli Komediya Teatrının açılışında çəkilmiş foto şəkil. Heydər Əliyev yalnız iqtisadiyyata deyil, bütün sahələrə diqqətlə, qayğıyla yanaşırdı. Elmə, təhsilə, səhiyyəyə və mədəniyyət sahələrinə xüsusi diqqət ayırırdı.

Ekspozisiya zalının dördüncü vitrinində isə Heydər Əliyevin fəaliyyətindən bəhs edən Azərbaycan və Ris dillərində kitablar; Fikrət Babayevin “Heydər Əliyev və mədəniyyət”, Mirkazım Seyidovun “Гений Гейдара” və Ulu öndərin neft strategiyasından bəhs edən “Bakı-Ceyhan üç dəniz əfsanəsi”, M.Zabelin və V.Tatarenkonun “Гейдар Алиев-лидер, политик, друг” kitabı yerləşdirilmişdir.

“Respublikamızın zəngin istehsal imkanlarından, təbii sərvətlərindən səmərəli istifadə etmək lazımdır.”

Dübəndi Terminalında çəkilmiş foto şəkil. Dübəndi Neft Terminalı neft yataqlarından hasil edilən nefti qəbul edir, onu qablaşdıraraq neft emalı zavodlarına, eləcə də şimal istiqamətində nəql edir. Terminal, həmçinin neft və neft məhsullarının tranzit nəqlini də həyata keçirir.

Bakı-Supsa neft kəməri və terminalında çəkilmiş foto şəkil. 1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Edvard Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxan ilkin Azərbaycan neftinin daşınması və Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqli nəzərdə tutulurdu.

Yenikənd Su Elektrik Stansiyasında çəkilmiş foto şəkil, Bakı Elektrik Su Stansiyasında çəkilmiş foto şəkil.

Biz qeyd etdik ki, Heydər Əliyev respublikada bütün sahələrə diqqət və qayğıyla yanaşırdı. Heydər Əliyev, Azərbaycanın xalq artisti Nəsibə Zeynalova və digər mədəniyyət işçiləri ilə görüşdən çəkilmiş bu foto şəkil də buna bir sübutdur.

Bakı Poladtökmə zavodunda çəkilmiş foto şəkil. Zavodun rəsmi açılışı mərasimi Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci il iyun ayının 21-də keçirilmişdir.

Azərbaycan Ali Hərbi məktəbinin açılışında çəkilmiş foto şəkil. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışından çəkilmiş foto şəkil. Bu kəmər Azərbaycan neftini Türkiyənin Ceyhan limanına, oradan isə Aralıq dənizi vasitəsilə dünya bazarına nəql edən kəmərdir. Bütün dünya bu layihəyə möcüzə kimi baxırdı və bu səbəbdən kəmərə “Üç dəniz əfsanəsi” adını vermişdilər.

Ekspozisiya zalının beşinci vitrinində isə akademik Ramiz Mehdiyevin çoxcildli “Heydər Əliyev müstəqilliyimiz əbədidir” kitabının 6 cildi yerləşdirilmişdir.

“Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən adamlardır.”

Ekspozisiya zalındakı yeddinci lövhədə Heydər Əliyevin Sovet dövründə Ağcabədiyə səfərlərindən bəhs edən foto şəkillər yerləşdirilmişdir. Heydər Əliyev 6 dəfə müxtəlif illərdə Ağcabədidə səfərdə olmuşdur. 4 dəfə sovetlər dönəmində, 2 dəfə isə Azərbaycan müstəqillik qazandıqdan sonra rayona səfər etmişdir. Səfərləri zamanı Heydər Əliyev Ağcabədinin bir çox kəndlərində olmuş, kolxozçularla görüşlər keçirmişdir. Məsələn, Hüsülü kəndi Lenin ordenli Teyyubə Rəhimovanın tarla düşərgəsində çəklmiş foto şəkil, Boyat kəndində kolxozçularla çəkilmiş foto şəkil, rayon Mədəniyyət evində müşavirə keçirərkən çəkilmiş fotoşəkil, Qaravəlli, Gələbədin, Səməd Vurğun adına kolxozda, Paşa Qasımovun briqadasında və nəhayət, Boyat kəndində zəhmətkeşlərlə çəkilmiş foto şəkil. Heydər Əliyev Ağcabədi camaatının əməyini, zəhmətini bu sözlərlə dəyərləndirmişdir: “Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən adamlardır”. 2008-ci ildə nəşr olunan “Heydər Əliyev və Ağcabədi” kitabından Ulu öndərin rayon zəhmətkeşləri ilə çəkilmiş foto şəkilləri və onunla ünsiyyətdə olan insanların xatirələri öz əksini tapmışdır.

Ekspozisiya zalının sonuncu vitrinində isə Hüseyn Adıgözəlovun “Zirvə. Heydər Əliyevin həyatı”, Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman”, Heydər Əliyevin Ağcabədiyə səfərləri zamanı görüşdüyü zəhmətkeşlərin xatirə və fotoların yer aldığı “Heydər Əliyev və Ağcabədi” və başqa kitablar yerləşdirilmişdir.

“Azərbaycanın hər guşəsi bizim üçün müqəddəsdir.”

Sonuncu lövhədə Heydər Əliyevin 1993-1994-cü illərdə Ağcabədidə səfəri zamanı çəkilmiş foto şəkillər yerləşdirilmişdir. 1993-1994-cü illərdə Heydər Əliyev Ağcabədidə döyüş bölgəsində olub, ön cəbhədə və səgərlərdə döyüşçülərlə görüşlər keçirmiş, onların qayğısına qalmışdır. Lövhədə Heydər Əliyevin 25 iyun 1993-cü ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin binasında müşavirə keçirərkən çəkilmiş foto şəkli də yerləşdirilmişdir.

Ulu Öndər Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend Şəhər Tibb Klinikasında vəfat etmişdir.