Ermənistan təcavüzünün nəticələri

Ağcabədi rayonunda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq- Şəhidlər xiyabanı var. Hər il minlərlə sakin,qonaq bu xiyabanı böyük ehtiramla ziyarət edirlər.

I Qarabağ savaşında Ağcabədi rayonundan 186 nəfər igid oğlumuz şəhid olub ki,onlardan 3-ü – Etibar İsmayılov,Sadıq Hüseynov və Namiq Abdullayev Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

Bundan əlavə, 20 Yanvar faciəsi zamanı Ağcabədidən olan Faiq Əlizadə, Aprel döyüşlərində isə Dilsuz Qarayev vətən yolunda öz canlarından keçiblər.

Erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş minlərlə qaçqın-və köçkün soydaşımız da Ağcadəbi rayonunda məsklaşmışdır.

Ağcabədinin Qiyaməddinli kəndini 1993 və 1994-cü illərdə ermənilər iki dəfə işğal ediblər. Amma Azərbaycan Silahlı Qüvvələri kəndi azad edib. Kəndi tərk etməyə məcbur qalan ermənilər 45 evi yandıraraq, hər tərəfə mina basdırıblar. Öz ev-eşiklərinə qayıdan kənd sakinləri bu gün də minadan əziyyət çəkirlər. Belə ki, Yuxarı Qiyaməddinli hələ də minalardan tam təmizlənməyib. Nəticədə kənd sakinlərindən 5 nəfər minaya düşərək dünyasını dəyişib, 8 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yuxarı Qiyaməddinli kəndində minadan zərər çəkənlər arasında azyaşlı uşaqlar da çoxluq təşkil edir. Çox erkən yaşda sağlamlıqlarını itirən balaca soydaşlarımız sırasında kənd sakini Pərviz Axundov da mövcuddur. O, uşaqlarla futbol oynayarkən minaya düşüb və sol qolunu itirib. Uşaqlıqda əlil olan kənd sakinlərindən biri isə 1992-ci il təvəllüdlü Qanboy Qarayevdir. O, 2003-cü ildə minaya düşərək, əsasən üz nahiyəsindən və bədəninin müxtəlif yerlərindən ciddi xəsarət alıb.

Yuxarı Qiyaməddinli kəndini minalardan təmizləmək məqsədilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik müntəzəm olaraq burada iş aparır. Görülən tədbirlər nəticəsində kənddə yüzlərlə mina aşkar olunaraq zərəzsizləşdirilib. Agentlik bildirir ki, ermənilər minaları hərbi taktikaya uyğun basdırmayıblar. Onlar minaları su quyularının yanında, evlərin həyətində, pilləkənlərin altında, yəni mülki əhalinin ən çox istifadə etdiyi yerlərdə basdırıblar. Ərazidə minalardan təmizləmə əməliyyatları mina aşkarlama qurğusu - detektorlarla, mexaniki əllə və xüsusi təlim görmüş itlər vasitəsilə aparılır. Kənddə aparılan əməliyyatlar zamanı tank əleyhinə TM 62, TM 57, OZM 72, PMN 2 və digər minalar aşkar olunub. Bunlardan TM 62, PM 2 və PM 62 minalarını tapmaq daha çətindir. Çünki onların örtüyü plastik və kartondan olur. Buna görə də detektor onları çox çətinliklə təyin edir. Belə hallarda axtarışlar mexaniki əllə və itlərin köməyilə aparılır. Plastik minaların tapılması üçün itlərdən istifadə daha effektiv olur. Onu da qeyd edək ki, Yuxarı Qiyaməddinli kəndinin ərazisi minalardan hələ də tam təmizlənməyib. Bu səbəbdən insanlar hər saat minaya düşmək qorxusu ilə yaşayırlar. Amma əhali dolanışıq xatirinə hər cür təhlükəni gözə alıb təsərrüfatla məşğul olmağa məcbur qalır. Elə minaya düşən sakinlərdən çoxu mal-qara otararkən minadan zərər çəkiblər. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatında o da qeyd edilir ki, Yuxarı Qiyaməddinli kəndinin Ermənistan silahlı birləşmələrinin təmas xəttində yerləşməsi mina axtarışına ciddi mane olur. Çünki ərazidə sərbəst şəkildə minatəmizləmə əməliyyatları aparmaq olmur. ANAMA əməkdaşları hər dəfə axtarışlara başlayanda ermənilər onları görüb atəşə tuturlar. Ona görə də kəndin ərazisi bugünədək minalardan tam təmizlənməmiş qalır. Nəticədə dinc əhali hələ də minalardan əziyyət çəkir. Yuxarı Qiyaməddinli kəndinin minalanmış ərazilərində aparılan əməliyyat zamanı 36 ədəd partlamamış hərbi sursat tapılıb. Yuxarı Qiyaməddinli kəndində təkcə mülki şəxslər deyil, eləcə də hərbiçilər minalardan əziyyət çəkirlər.

MİLLİ QƏHRƏMANLAR

Sadıq Dayandur oğlu Hüseynov

29 iyul 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur. 1968-ci ildə burada birinci sinifə getmiş və 1978-ci ildə orta məktəbi bitirmişdir. 1980-ci ildə Xankəndi Pedaqoji İnstitutunun İbtidai Metodika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. Elə həmin il ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, 1987-ci ildə institutu bitirərək doğma kəndlərinə qayıtmışdır. Sadıq vaxtilə oxuduğu məktəbdə əvvəl pioner baş dəstə rəhbəri, sonra isə müəllim işləmişdir. O, 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsinə təyin edildi. Erməni quldurları Şuşaya hücum edəndə Sadıq da digər polis əməkdaşları kimi şəhərin müdafiəsində yaxından iştirak etmiş, düşmənə ağır zərbələr endirmişdir. Onun başçılıq etdiyi dəstənin səyi nəticəsində onlarla erməni yaraqlısı məhv edilmiş, xeyli silah-sursat ələ keçirilmişdir. O, 29 mart 1992-ci ildə ağır yaralanır. Buna baxmayaraq, yenə də silahı yerə qoymur, döyüşə atılır.

13 aprel 1992-ci ildə erməni silahlı birləşmələri Şuşanı ağır raket atəşinə tutmuşdu. Sadıq Hüseynov yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.

Ailəli idi. Həyatda bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadıq Dayandur oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.

Xocavənd kənd orta məktəbinə onun adı verilmişdir.

Etibar Bəylər oğlu İsmayılov

29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində doğulmuşdur. 1981-ci ildə məktəbi bitirdikdən sonra kənddəki Su Artezianları İstismarı İdarəsində əmək fəaliyyətinə başlamışdır. Çilingər idi. O, az müddətdə kollektivin dərin hörmətini qazanmışdı. Hərbi xidmət vaxtı çatanda ordu sıralarına yollanır. O iki illik əsgəri xidmətini başa vurub Azərbaycana dönür. Öz peşəsində əmək fəaliyyətini davam etdirir.

Etibar İsmayılov 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edir, işğal olunmuş ərazilərin erməni tapdağından azad olunmasına çalışırdı. Bir neçə özünümüdafiə taborunda döyüşdükdən sonra Ağdam özünümüdafiə batalyonuna daxil olur.

O, Naxçıvanik, Şelli kəndlərinin müdafləsində xüsusilə fərqlənərək, döyüşçü yoldaşlarına şəxsi nümunə göstərdi. E. İsmayılov Ağcabədi özünümüdafıə taboru yaradılanda öz həmyerliləri kimi bu tabora qoşuldu. Onlar Xocavənd rayonunun ərazilərindən hücumları dəf edir, şərait yarandıqda isə əks hücuma keçərək, düşmənə sarsıdıcı zərbələr endirirdilər. Etibar tez-tez kəşfıyyata gedir, mühüm məlumatlarla geri qayıdardı. Strateji yüksəkliklərin alınmasında əsl igidlik göstərirdi.

4 yanvar 1994-cü il… Kəşfıyyat qrupu xüsusi tapşırıq almışdı: Xocavənd rayonunun Qarakənd istiqamətində mövqe tutan düşmənin arxasına keçmək və məlumat əldə etmək. Onlar böyük çətinliklə düşmən postlarına yaxınlaşdılar. Birdən bir dəstə erməni ilə üz-üzə gəldilər. Atışma başladı. Bu vaxt qarşıdan bir düşmən tankı göründü. Əməliyyata yollanan kəşfıyyat dəstəsi mühasirəyə düşdü. O, vəziyyətin çıxılmaz olduğunu hiss edib, yoldaşlarına geri çəkilməyə əmr edir, özü isə axırıncı qumbaranı əlində bərk sıxaraq düşmən tankının altına atılır… Tankı və onun ekipajını məhv edən cəsur döyüşçü yoldaşlarının mühasirədən çıxmasına imkan yaratdı. Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Cəsədi döyüş meydanında qalmışdır.

Hindarx kənd orta məktəbi onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.

Namiq Vahid oğlu Abdullayev

Namiq Vahid oğlu Abdullayev 10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirən Namiq orduya getmək istədiyini bildirir. Lakin yaşı çatmadığına görə onu cəbhəyə göndərmirlər.


Namiq 1992-ci ilin dekabr ayında cəbhəyə yola düşür. 1993-cü il 9 fevralda erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. N.Abdullayev bu döyüşdə xüsusilə fərqlənir. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı. Zirehli texnikanın heyəti məhv edildi və vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşdu.


Azərbaycan respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Avşar kəndində dəfn edilib.

Avşar kənd orta məktəbi onun adını daşıyır.