Ağdaşda Xocalı Faciəsinin 28-ci ildönümü tədbirlərlə qeyd edildi

Ağdaşda Xocalı Faciəsinin 28-ci ildönümü tədbirlərlə qeyd edildi
Xocalı faciəsinin ildönümü ilə bağlı rayonun əmək kollektivləri, ümumtəhsil, peşə, orta ixtisas təhsili müəssisələri və mədəniyyət ocaqlarında anım mərasimləri, teatrlaşdırılmış kompozisiyalar, rəsm sərgiləri təşkil olundu. Fevralın 26-da rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olundu. Tədris müəssisələrində keçirilən tədbirlərdə Xocalı faciəsinin insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olmasının əsl səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 28 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulandı, terroru dəstəkləyənlər qətiyyətlə pislənildi. Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 26 fevral 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələri və rayonda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə anım tədbiri keçirildi. Tədbirdə gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Rayon İcra Hakimiyyətinin birinci müavini İsmayıl Yusifzadə və digər natiqlərin çıxışlarında Xocalı qətliamı ürək ağrısı ilə bir daha xatırlanmış, dünyanın əksər dövlətləri tərəfindən faciəni törədən baiskarlara qarşı münasibətdə ikili standartların tətbiq olunduğu qeyd edildi, insanlığa sığışmayan bu soyqırım aktına hələ də beynəlxalq miqyasda düzgün hüquqi qiymət verilmədiyi, müqəssirlərin uzun müddət cəzasız qaldığına görə etirazlar bildirildi, erməni vəhşiliyi və qəddarlığı pislənildi. Tədbirin yekununda Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya nümayiş etdirildi. 26 fevral 2020-ci il tarixdə rayonun bütün ərazisində matəm əlaməti olaraq dövlət bayraqları endirildi, saat 17:00-da rayon mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.