Ağdamda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi fəaliyyətə başlayıb

Ağdamda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi fəaliyyətə başlayıb

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Ağdam rayonundakı Heydər Əliyev mərkəzində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Açılış tədbirində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətindən, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışıblar.
Bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Regionda yaşayan gənclər nümayəndəliklər vasitəsilə dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Çıxış edənlər gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər. Həmçinin diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı Prezidentin verdiyi göstərişə uyğun olaraq, bir çox şəhər və rayonda Gənclərin İnkişaf və Karyera mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Yaxın bir neçə ay ərzində isə ölkənin bütün şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılacağı nəzərdə tutulur.
Sonra tədbirin iştirakçıları üçün Quzanlı qəsəbəsindəki Heydər Əliyev mərkəzinə ekskursiya təşkil olunub, mərkəzin imkanları barədə qonaqlara ətraflı məlumat verilib. Tədbir gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib. Region gəncləri, həmçinin “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.