Ağdam Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Qələbə hünəri" adlı onlayn tədbir keçirilmişdir

Ağdam Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Qələbə  hünəri" adlı onlayn tədbir keçirilmişdir

11.09.2021-ci il tarixində, Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qarabağ müharibəsi zəfərinə həsr olunmuş "Qələbə hünəri" adlı onlayn görüş keçirilmişdir. Görüşdə ordumuzun şücaəti, 44 gün ərzində göstərdikləri misilsiz qəhrəmanlıqdan və dövlətimizin bu yolda dəf etdiyi çətinliklərdən danışılmışdır. Görüşün iştirakçıları bildirmişlər ki, İllərdir, hər əlamətdar günlərimizdə Qarabağımıza qayıtmaq arzumuzu dilə gətirmiş, həmişə bu arzuyla başlamışıq bütün ürək sözlərimizə. İllərdir çox əziyyətlər, ağrı-acılar çəkmiş, doğma el-obamızdan qəddarlıqla, amansızlıqla didərgin salınmış, olmazın faciələr görmüşük. Öz vətənimizdə qaçqın, köçkün kimi yaşamağa məcbur olmuşuq. Bir gözümüzlə gülsək də, o biri gözümüzlə hər zaman ağlamış, "Vətən” deyə-deyə, ürəyimizə qara qanlar axıtmışıq. Yurdu yuxuda görməyi özümüzə təskinlik bilmişik. Vətən həsrətilə bu dünyadan gözü açıq köçən əzizlərimizi, doğma torpaqlarında dəfn edə bilməmişik.

İllərdir həsrətində olduğumuz, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşamışıq.

Ancaq, doğma yurdundan qovulan, olmazın zillətlərə düçar edilən, 30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan nisgilli vətəndaşlarımız yenidən öz doğma ocağına qayıdacaqlarına daima inanmış, bu ümidlə yaşamışlar.

Nəhayət, 2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsi, bu nisgilimizə son qoydu, Ali Baş Komandanımızın və qəhrəman ordumuzun şücaəti ilə, torpaqlarımız işğalçılardan azad edildi. Artıq, Qarabağımızda geniş tikinti-quruculuq işləri başlanılmışdır və öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın, doğma torpaqlarına qayıtma hazırlığı gedir. Ulu Tanrının iznilə, tezliklə Ağdamımızda, Şuşamızda, Kəlbəcərimizdə və bütün azad olunmuş ərazilərimizdə yenidən həyat başlayacaq, vətəndaşlarımız yurdlarını dirçəldəcəklər.